Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən İnterpress.az-a verilən məlumata görə, 2016-cı il üçün devizin “Dinamik dünyada ölçmələr” seçilməsi təsadüfi deyil. Bu deviz cari ilin metrologiya sahəsində həm dinamik kəmiyyətlərin dəqiq ölçülməsi üçün mövcud olan problemlərin, həm də ölçmə elminin müasir tələblərə uyğunlaşdırılmasının vacibliyinə həsr edildiyini bildirir.
Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş \”Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında\” Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub.
Hazırda Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir. Ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir.
Ölkəmizdə metrologiya sahəsi üzrə dövlət siyasətini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirməkdədir. Bu sahənin beynəlxalq tələblər səviyyəsində inkişafına nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Metrologiya Xidməti yaradılıb. Qısa müddət ərzində qurulmuş infrastruktur və qanunvericilik bazası Komitənin bu sahədə mövcud olan əsas beynəlxalq təşkilatlara üzvlüyünü təmin edib. Belə ki, Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (KOOMET), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (EASC), İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutuna (SMİİC) üzv olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1 yanvar 2015-ci ildən Çəkilər bə Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata (OIML) üzv olub.
Hazırda Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Yaxın illər ərzində qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb.
İnterpress.az