Etibar Məmmədovun tərcümeyi- halında 4 iyun ləkəsi…backend

Etibar Məmmədovun tərcümeyi- halında 4 iyun ləkəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il iyun ayı boyunca 1993-cü ilin bu günlərində Gəncədə baş verən hərbi qiyam mövzusu mətbuatda müzakirə olunur. 23 ildir bu, belədir. Qiyamı yatırda bilmədiyi üçün Elçibəy iqtidarında təmsil olunmuş şəxslər suçlanır, qiyama birbaşa və dolayısı ilə dəstək verən qüvvələr isə bu əməllərinə görə qınanır.

Qınananlardan biri də AMİP-in sabiq sədri Etibar Məmmədovdur. Çünki o, 1993-ün məşum iyun qiyamını açıq şəkildə dəstəkləyib, Elçibəy iqtidarının süqutu üçün əlindən gələn dəstəyi Surət Hüseynova verib.

Bu dəstəyin pik nöqtəsi isə mərhum prezident Əbülfəz Elçibəyə qarşı etimadsızlıq sənədinin E.Məmmədovun ən yaxın adamı tərəfindən hazırlanmasıdır. Məhz o sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı və qəbul olundu.

Maraqlıdır ki, AMİP rəhbərliyi E.Məmmədov başda olmaqla, bu məsələni hər il gündəmə gətirən mətbuatı hədəfə alaraq, jurnalistləri qərəzli olmaqda suçlayır. E.Məmmədov və ətrafı hələ də 1993-cü ildə qiyama dəstək vermələrini doğru hesab edirlər.

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan hər ilin bu günlərində 1993-cü ilin 4 iyununda baş verən qiyamla bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələrin getdiyini bildirdi: “Qiyamda iştirak etmiş siyasilərin, o zaman müxalifətdə olan partiyaların rəhbərlərinin adları tez-tez hallanır. Əsas fiqurlardan biri kimi AMİP-in o vaxtkı sədri Etibar Məmmədov müzakirə olunur. Milli hakimiyyətə qarşı tutduğu o məlum mövqe hər il qınanır, lənətlənir. Hər il də Etibar Məmmədov və ətrafında qalan 1-2 nəfər mətbuatı, jurnalistləri və bəzi siyasətçiləri bu mövzuda qərəzli mövqe tutmaqda suçlayır. Etibar Məmmədovun özü də bugünlərdə verdiyi müsahibədə bildirib ki, o zaman müxalifət idim və AXC hakimiyyəti məndən kömək istəyirdi. Müxalifətdən niyə kömək istənilməli idi? Özünə bir növ haqq qazandırmaq istəyir ki, əcəb eləyib qiyama dəstək verib. Lakin elə məsələlər var ki, orada iqtidar-müxalifət mövzusuna yer qalmır. Söhbət dövlətə, legitim hakimiyyətə qarşı baş verən hərbi qiyamdan gedir. Elçibəy iqtidarı demokratik seçki nəticəsində formalaşmışdı. O iqtidar demokratik seçki yolu ilə də gedə bilərdi. Amma silahlı qiyam yolu ilə iqtidar dəyişikliyi olursa, həmin ölkədə demokratik şəkildə hakimiyyətə gəlmək şansları itirilir. Necə ki, o zaman maksimalist mövqe tutan Etibar Məmmədov bu gün siyasətin heç uzaq küncündə də yoxdur. Adam siyasi ömrünü faciəvi və biabırçı formada tamamladı”.

Etibar Məmmədovun tərcümeyi- halında 4 iyun ləkəsi...

A.Ayxan deyib ki, AMİP lideri 23 il öncə etdiyi səhvin fərqindədir: “Sadəcə olaraq, onun inadı imkan vermir ki, səhvini etiraf etsin və xalqdan üzr istəsin. Əslinə qalsa, o, yumşaq dillə desək, Azərbaycan xalqından etdiyi məsuliyyətsizliyə görə üzr istəməli idi. Lakin hələ də dirəşir, ”doğru etmişəm\” deyir. Nəyi doğru etmisən? Surət Hüseynovu dəstəkləməyimi, yaxud Gəncədə yenicə başlayan qiyamın üstünə benzin töküb onun alovunu bütün ölkəyə yaymağımı?! 24 iyun 1993-cü ildə qanuni prezident Əbülfəz Elçibəyin səlahiyyətlərinin əlindən alındığı o mənfur qanun layihəsini hazırlamağımı? Sürət Hüseynovun Gəncədən Bakıya gəlməsində bu və ya digər formada rol oynadığınımı? AMİP-in bütün rayon təşkilatları o zaman yerlərdə vətəndaşları hakimiyyətə qarşı itaətsizliyə səsləyirdi. Bəlkə bu düzgün addım olub siz tərəfdən, Etibar Məmmədov? O vaxt Ali Sovetin sədri olmuş İsa Qəmbər barəsində parlamentdə həbs hökmünü tribunadan Etibar Məmmədovun ən yaxın adamı oxuyub. Olmaya budur doğru addım? Bu davranışların, hərəkətlərin dövlət və xalq qarşısında bəraəti yoxdur əslində. Yeganə bəraəti o olardı ki, özü xalqdan üzr istəsin. Biz nə hakim, nə də prokuroruq, sadəcə, jurnalistik. O hadisələri yaşamışıq, yaşaya-yaşaya o hadisələr barədə yazılar yazmışıq. Kiminsə dilindən həmin hadisələr barədə nəsə eşitməmişik. Üstəlik, ortada Etibar Məmmədovun yüzlərlə audo, videomüsahibələri var. 23 il öncə bu günlər parlamentdə tutduğu mövqeyinin nədən ibarət olduğunu bilmək üçün internetdə kifayət qədər materiallar var. O, birmənalı şəkildə qiyamı dəstəkləyib. Biz jurnalistlər də bu hadisələrin ildönümündə kimin hansı mövqedə olması barədə yazılar yazırıq, müsahibələr alırıq. Bəzən müəllif yazıları ilə çıxış edirik. Kimlərsə Etibar Məmmədovu qınayırsa, yamanlayırsa, qiyamda olan rolu barədə nəsə deyirsə, burada jurnalistlərin nə suçu ola bilər? Ona təklif edərdim ki, bu məsələlərdə bizləri ittiham etməkdənsə, Azərbaycan xalqından üzr istəsin. Günahlarının bağışlanmasını diləsin\”.

Etibar Məmmədovun tərcümeyi- halında 4 iyun ləkəsi...

Elçibəyin hakimiyyətdən salınması üçün parlamentin müzakirəsinə çıxarılan qanun layihəsinin müəlliflərindən, eləcə də Etibar Məmmədova ən yaxın şəxslərdən olan vəkil Fuad Ağayev atdığı addıma görə mərhum prezidentin ondan incimədiyini bildirdi: “Bizlərə qarşı elə ittihamlar səsləndirən şəxslərin, ümumiyyətlə, nə siyasətdən, nə də hüquqdan başları çıxır. Bununla bağlı mənim bloqlarım, müsahibələrim var. Məndə olan məlumata görə, rəhmətlik Əbülfəz Elçibəy həmin qərarın hazırlanmasına görə məndən inciməyib. O, bunu zərurətdən doğan addım kimi qiymətləndirmişdi”. F.Ağayev sonda anlaşılması çətin olan bir cümlə işlətdi: \”Tofiq Türkellə danışanda o sizləri bu barədə ətraflı məlumatlandırar\”. (musavat)

İnterpress.az