Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan dollar bütünlüklə banklar tərəfindən alınır. Əvvəl hərraca çıxarılan vəsaitin az hissəsi alınırdısa, artıq vəziyyət dəyişib.
Ekspertlər bunun səbəblərini sadalayırlar. Dollara tələbatın artmasının bir neçə səbəbi var. Həmçinin bildirilir ki, hərraca çıxarılan dolların hamısının alınması manata yenidən təzyiq yarada bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Hərraca çıxarılan vəsait 23 banka satılıb. Bildirilir ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək. Sonuncu hərracda kommersiya banklarının dollara olan tələbatı təklifi bir neçə dəfə üstələyib. Ona görə də dolların məzənnəsinin bir qədər yüksəlməsi gözlənilir.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, hərraca çıxarılan dolların bütünlüklə banklar tərəfindən alınmasının bir neçə səbəbi var: “Son vaxtlar hərraca çıxarılan dollarlar alınır. Birinci səbəbi bankların özü ilə bağlıdır. Dollar öhdəlikləri var, kifayət qədər böyük həcmdə kreditləri var. Onların qaytarılması məsələsi gündəmdədir.
İkinci məsələ odur ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz artırması ehtimalının yaxın vaxtlarda yüksək olması dolların bahalaşması ehtimalını artırır. Azərbaycan bankları da bununla bağlı hazırlıqlarını görürlər. İndiki məzənnə ilə Neft Fondundan dollar alması çox sərf edən bir yanaşmadır. Bir müddət sonra əgər yenidən dolların məzənnəsində dəyişiklik olub, bahalaşma olsa, banklar bundan pul, vəsait qazanmağı düşünürlər. Əsas faktor isə odur ki, may ayında da xarici ticarətdə az da olsa artım müşahidə olunur. İdxalda artım müşahidə olunur.
Xaricdən daha çox mal gətirilməyə başlanıb, aprel ayına nisbətən mayda idxal çox olub. Bu da dollara tələbatı artırır. İdxaldan xeyli dərəcədə asılı ölkəyik. İdxal artdıqca, gətirilən malların həcmi artdıqca dollara tələbat da artır. Tələbatın artımı bankların dollara olan marağını da artırır. Bu üç səbəb paralel olaraq dollara olan tələbatı artırıb. Düşünürəm ki, Neft Fondu hərraclara 50 yox, həftədə 80-90 milyon dollar da çıxarsa, hamısı öz alıcısını tapacaq”.
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, hərraclardakı dolların hamısının alınması o deməkdir ki, bankların milli valyutası var: “Yəni manat kütləsi get-gedə artır. Bu, o deməkdir ki, onlara artıq Mərkəzi Bank kredit verib. Artıq Mərkəzi Bank tərəfindən banklara cüzi kredit verilir. Gözlədiyimiz kimi, bankların əlinə milli valyuta düşən kimi dollar almağa başlayıblar. Budur əsas səbəb. Prinsipcə, əgər düşünülmüş və düzgün siyasət aparılmazsa, verilən kreditlərin təyinatı üzrə xərclənməsinə nəzarət edilməsə, bəzi banklara kreditlər veriləndə onların bir hissəsi dolların alınmasına gedəcək. Bu da müəyyən təzyiq yaradır istənilən halda. Amma o təzyiqin artıq olmaması üçün verilən kreditlərin təyinatı üzrə xərclənməsinə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət etməlidir. Yəni nəzarət edilməlidir ki, banklar verilən krediti təyinatı üzrə sərf etsin. İndiyə kimi Azərbaycanda bu, mümkün olmayıb. Bundan sonra mümkün olacaqmı, bunu zaman göstərəcək”.
Ekspert Qubad İbadoğlu isə vurğulayıb ki, “Formula 1\” Avropa Qran Prisi yaxınlaşdıqca dollar bahalaşa bilər: ”İyunun 17-dən 19-dək Bakıda ilk dəfə keçiriləcək \”Formula 1\” Avropa Qran Prisinin açılışına az müddət qalır. Bu müddət ərzində ən azı 2 səbəbdən manatın dollara nəzərən məzənnəsində dəyişikliklər müşahidə oluna bilər. Birincisi, bu mötəbər yarış öncəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin- FES-in iyunun 14-15-də növbəti toplantısının keçirilməsi və uçot dərəcələrini qaldırması ehtimalının getdikcə artması dolların bahalaşması üçün əsaslar yarada bilər.
FES-in qərarının ABŞ-la ticarət və investisiya əməkdaşlığı güclü olan ölkələrə ciddi təsirləri müşahidə olunsa da Azərbaycan, Rusiya, Qazaxıstan və Türkiyə kimi valyuta bazarı xarici şoklara həssas olan ölkələrdə milli valyutaların dollara nəzərən məzənnəsinə daha çox psixoloji təsirləri gözlənilir. Federal Açıq Bazar Komitəsində keçiriləcək növbəti iclas ABŞ iqtisadiyyatının proqnozlarının müzakirəsi və sədrin mətbuat konfransından ibarət olacaq. Gözləntilərə görə, FES bu və ya iyulun 26-27-də gözlənilən sonrakı toplantısında uçot dərəcəsini bahalaşdıracaq. Uçot dərəcəsinin artırılması pul kütləsinin azalmasını şərtləndirdiyinə görə bu, dolların mövqeyini möhkəmlədir. Proqnozlara görə, bu il 1,1 dollar 1 avro 1 dollar 115 yen səviyyəsində qərarlaşacaq.
Manatın məzənnəsinə təsir göstərəcək ikinci amil “Formula 1\” Avropa Qran Prisinə görə ölkəyə gələcək turistlərin sayı ola bilər. Hazırda bu yarışa giriş üçün 3 günlük biletlərin qiyməti 200 dollarla 590 dollar arasında, iyunun 16-dan 20-dək akreditə olunmuş mehmanxanalarda yaşayış xərcləri isə 540 dollardan 2500 dollaradək dəyişir. Gözləntilər ondan ibarətdir ki, Mərkəzi Bank Azərbaycanı xarici turistlərə cəlbedici etmək üçün manatın məzənnəsini ucuzlaşdıra bilər. Xaricilər üçün mehmanxana və biletin ödənişləri əsasən dollarla aparılsa da onların yemək və istirahət xərcləri manata tələbatı artıracaq. Bazara bu məqsədlə dolların çıxması iqtisadi qanunauyğunluğa görə manata tələbatı artırmaqla onu bahalaşdırmalıdır. Amma bu, turistlər üçün Azərbaycan bazarının cazibədarlığını azalda bilər. Ona görə də məzənnəni inzibati yolla tənzimləyən Mərkəzi Bankın dolları bahalaşdırması daha real görsənir”.(musavat)
İnterpress.az