Çempionatın əsas tərəfdaşlarından biri Azərbaycan Dövlət Neft Şirkətidir. SOCAR-ın sözügedən sponsorluğu isə cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələyə iqtisadi yöndən yanaşan insanlar neftin qiymətinin və dövlət büdcəsinin azaldığı bir vaxtda SOCAR-ın hansısa çempionata pul ayırmasının yalnış addım olduğunu deyir.
Futbol həvəskarları isə birmənalı olaraq həmin pul ilə Azərbaycan futbolunu daha çox inkişaf etdirməyin mümkün ola biləcəyini deyirlər. Hətta bəziləri sponsorluq üçün ayrılmış vəsaitlə yerli futbolçuları növbəti Avropa Çempionatına hazırlamağın mümkünlüyünü də dilə gətirib.
Bəs mütəxəssislər bu məsələ ilə bağlı nə düşünür?
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov AzNews.az-a açıqlamasında SOCAR-ın “Avro-2016”ya sponsorluq etməsinin siyasi məsələ olduğunu deyib.
Onun sözlərinə görə Dövlət Neft Şirkətinin bu tip oyunlarda tərəfdaş olması ölkənin dünyada tanınmasına xidmət edir: “SOCAR beynəlxalq nüfuza malik bir şirkətdir. Dünyanın əksər ölkələrində, o cümlədən Türkiyə, Gürcüstan, İsveçdə və bir çox dövlətlərdə nümayəndəlikləri var, gəlirləri isə müəyyən qədər artıqdır. Beynəlxalq aləmdə də müəyyən idman yarışlarına sponsorluq edir. Bu addımlar Azərbaycana investisiya yatırımı üçün atılır. Hesab edirəm ki, hər şeyi qənaətə bağlamaq düzgün deyil”.
V.Əhmədov qeyd edib ki, SOCAR-ın rəhbərlik tərəfindən təsdiq olunan büdcəsi var və belə sponsorluq da razılaşdırılmış məsələlərdir: “Görünür həmin büdcədə belə tədbirlər üçün də nəzərdə tutulmuş ayrıca bənd var və lazım gələndə istifadə edilir. Bəzən deyirlər ki, Avropa Oyunlarına nə ehtiyac vardı? Lakin bir şeyi nəzərdə saxlamaq lazımdır ki, Azərbaycan beynəlxaq aləmə inteqrasiya edən bir dövlətdir. Dünyada siyasi problemlər var, Azərbaycan da özünü qoruyub saxlamaq üçün belə addımları mütləq atmalıdır”.
Keçmiş FİFA dərəcəli hakim Babək Quliyev də AzNews.az-a açıqlama verərək SOCAR-ın addımını müsbət qiymətləndirib: “Bu şirkət hansısa şəxsin deyil, Azərbaycanındır. Dövlət Neft Şirkəti beynəlxalq aləmdə tanınan yarışlarda nə qədər çox sponsorluq etsə, Azərbaycanı tanıtsa, bir o qədər yaxşıdır. Lakin paralel olaraq öz futbolumuz da inkişaf etsə, əlbəttə ki, bu da yaxşı olardı”.
Keçmiş hakim “sponsorluq üçün ayrılan məbləğlə yerli futbolu daha da inkişaf etdirmək olardı” fikrində olan şəxsləri dar düşüncəli adlandırıb: “SOCAR 8 ildə Azərbaycana futboluna indi çempionata sponsorluq üçün ayırdığı puldan 10 qat artıq pul yatırıb. Lakin nəticə göz qabağındadır. Əfsuslar olsun ki, inkişaf etmir, nə eləyə bilərik!? Sponsorluq etməsəydi və o pulla öz futbolumuz inkişaf etsəydi, deyərdim əladır. Lakin bununla inkişaf olmur. İnkişaf tam başqa bir şeydir. Ona görə də indi neft şirkətinin “Avro-2016”a sponsorluq etməsinə qulp qoymaq düzgün deyil. Formula 1 yarışları da Azərbaycanın tarixinə düşüb. Ölkəmiz belə şeylərlə özünü qıraqda nə qədər tanıtsa, bir o qədər yaxşıdır”.
İqtisadçı-ekspert Samir Əliyev isə fərqli düşüncədədir. O SOCAR-ın büdcəyə gəlirlərini dəyər-dəyməzinə xərcləməsinin yalnış olduğunu düşünür:
“SOCAR-ın “Avro-2016”ya sponsorluq məsələsinin məntiqini anlamaqda çətinlik çəkirəm. Neft məhsullarında qətiyyən rəqabət məsələsi yoxdur. SOCAR-ın bu addımını, özünü tanıtmasına nə dərəcədə ehtiyacı olduğunu anlaya bilmirəm. Bahalı bina tikir, pul xərcləyir, borclar alır və s. Halbuki SOCAR Azərbaycan iqtisadiyyatının əsas təməl nöqtəsidir. O, şirkət olaraq ölkəni pulla təmin edir. Əgər belə bir şirkət pulu dəyər-dəyməzinə xərcləyirsə, milyonları reklamına verirsə, düşünürəm ki, bu, düzgün dəyərləndirilə və qəbul edilə bilməz. Hesab edirəm ki, bu kimi sahələrdə lazımsız vəsaitlərin xərclənməsinə ehtiyac yoxdur. Yaxsı olar ki, SOCAR Azərbaycanın komandalarını maliyyələşdirsin, onların dünyaya çıxışını təmin etsin. Amma özünü tanıtmaq üçün reklamına pul xəcləyirsə, bunu müsbət qəbul etmirəm”.
İnterpress.az