Prezidentin “ASAN xidmət indeksi” ilə bağlı fərmanının faydalarıbackend

Prezidentin “ASAN xidmət indeksi” ilə bağlı fərmanının faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdikləri xidmətlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək.

Bu, 9 iyun tarixində “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə imzaladığı fərmanda əksini tapıb.

Dövlət Agentliyinə tapşırılıb ki, “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini həyata keçirsin. Bu parametrlərə xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.), xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa), xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi, şikayət və nəzarət mexanizmləri və vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir.

“Yeni Müsavat”a danışan Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev bildirib ki, fərman, aparılan islahatların davamı kimi qiymətləndirilməlidir:“Əslində ölkə başçısının həm sonuncu fərmanı, həm də bundan bir həftə öncə verdiyi “ASAN kommunal” mərkəzləri ilə bağlı fərman dövlət orqanları tərəfindən göstərilən xidmətlərin standartlarının, keyfiyyətlərinin artırılmasına yönəlib. Eyni zamanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsasnaməsində nəzərdə tutulub ki, bu agentlik mütəmadi olaraq monitorinqlər həyata keçirməklə, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yenidən qurulması ilə bağlı təkliflər hazırlayır. Artıq cənab prezidentin 9 iyun tarixli fərmanında həmin qiymətləndirmənin aparılması səlahiyyəti aydın şəkildə göstərilib. Doğrudan da bu fərman digər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacaq. Bütövlükdə həmin standartların “ASAN xidmət” tərəfindən həyata keçirilən standartlara yaxınlaşdırılması təmin ediləcək”.

Ekspert bildirib ki, bu, dövlət orqanlarına inam və etimadın göstərilməsinin vacib şərtləridir: “Əgər standartlar yüksək, keyfiyyətli xidmət olacaqsa, şübhəsiz ki, bu, dövlət orqanlarına inam və etibarı artıracaq. Ən vacib olan məsələlərdən biri də bütün bu proseslərdə şəffaflığın artırılması, korrupsiyanın məhdudlaşdırılmasına gətirib çıxaracaq. Eyni zamanda bu, həm də dövlət orqanları tərəfindən göstərilən xidmətlərdə rəqabətin artmasına səbəb olacaq. Rəqabətlik isə xidmətlərin keyfiyyətinə təsir göstərəcək. Bu gün bəzi dövlət orqanları tərəfindən göstərilən xidmətlərdə rəqabətliyin olmaması, həmin xidmətdə monopoliyanın mövcudluğu imkan vermir ki, keyfiyyətin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər görülsün. Baxın, xidmət həm “ASAN xidmət” mərkəzlərində göstərilir, həm də həmin orqanın özü tərəfindən bu iş aparılır. Bu zaman əhali qiymətləndirir ki, “ASAN xidmət” mərkəzində göstərilən xidmətin keyfiyyəti daha yaxşıdır, əlavə vəsaitlər və sövdələşmələr yoxdur. Ancaq qurumlarında göstərilən xidmətdə isə bu keyfiyyətlər heç də tam olaraq ödənmir. Ona görə də bu gün ən vacib məsələlərdənbidirvahid standartlarınmüəyyənləşməsidir. Belə ki, xidmət harada göstərilməsindən asılı olmayaraq, həmin standarta uyğun olsun”.

Ə. Nuriyev bildirib ki, monitorinqlərə diqqət etdikdə də məsələnin fərqinə varmaq olur: “ASAN xidmət”də hər hansı bir xidmətin göstərilməsi misal üçün 1 dəqiqə çəkirsə, strukturun özündə eyni xidmət bəzən 1 gün vaxta başa gəlir. İndi yəqin ki, monitorinqin nəticəsi həm də buna təsir göstərəcək. Çünki ölçüləri müqayisə etmək imkanları olacaq. Yenidən həmin xidmətin təşkili ilə bağlı məsələlər olacaq, texniki reqlamentlər hazırlanacaq. Texniki reqlamentlərdə xidmətin necə və hansı formada həyata keçirilməsi göstəriləcək. Hər kəs bununla tanış olacaq. Eyni zamanda bu xidmətlərin elektronlaşması səviyyəsi də güclənəcək. Xidmətin göstərilməsində bütöv bir mərhələni əhatə edən xidmətlərə gəlib çıxmaq mümkün olacaq. Nəticədə isə vətəndaşın həmin məkana getməklə bütöv bir xidməti dərhal, qısa zaman içərisində əldə etmək imkanı olacaq. Bu da çox vacib məsələdir”.

İnterpress.az