4 İldə  40 illik fəaliyyət- Rəcəb Babaşov Qazaxlıların gözü iləbackend

4 İldə 40 illik fəaliyyət- Rəcəb Babaşov Qazaxlıların gözü ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
19 may! Qazaxlıların son 4 ildə ürəkdolusu sözlərlə və ən əsası da minnətdarlıq hissi ilə xatırladığı gün. Bəli, bu gündən bizi 4 il ayırır. 19 may 2016-cı ildən tam 4 il ötür. Bu gün hər bir qazaxlı fəxrlə deyə bilər ki, bu 4 ildə dəyişməyən bir şey oldu ki, o da o tarix Qazaxın və qazaxlıların yaddaşına necə yazılmışdısa, bu gün də o duyğu və hisslə xatırlanır. Bu o tarixdir ki, həmin gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuza rəhbər təyin olundu. Beləliklə də Qazaxın yeni tarixi yazıldı. Bu 4 ildə nələr yaşandı, nələr baş verdi, bunları sadalamaq fikrimiz yoxdur. Çünki görünən dağa heç zaman bələdçi lazım olmayıb. Bu ötən müddət ərzində Qazaxın son vəziyyətini hər kəs yaxşı bilir. Rayonda aparılan abadlıq, quruculuq işləri hər kəsin gözü önündə baş verib və hələ də davam edir. Bu barədə Siz rayon sakinlərinin də fikri bizim üçün maraqlı olardı.
4 illik dövrə qısa səyahət edib bir neçə məqamı xatırlamaq isə yerinə düşər…
İnsan həyatında ən əhəmiyyətli duyğulardan biri inamdır. Heç kimə sirr deyil ki, insan insana etibar etməsə, həyatda inamla yaşamasa heç bir uğur qazana bilməz. Bu 4 ildə qazaxlılar dövlətə, rəhbərə inamın, ən əsası da verilən vədlərin layiqincə yerinə yetirilməsinin şahidi oldular. Bu illər ərzində keçirilən səyyar görüşlər, vətəndaşların fərdi şəkildə qəbul edilməsi, vətəndaşların müraciətinə əsasən yerində baxış keçirilməsi bir daha sübut etdi ki, dövlət məmuru öz işini məhz vətəndaşlarla qurmalı, dövlətin onların yanında olduğunu məmur olaraq gördüyü işlərlə göstərməlidir. Heç təsadüfi deyil ki, Qazaxda 4 il əvvəl vətəndaş-məmur arasında olan möhkəm sədd aradan qaldırıldı və sağlam təməl üzərində yeni inamın, birliyin bünövrəsi qoyuldu. Bu 4 ildə ancaq və ancaq bir kəlmə eşidildi: “Harda problem varsa, mən ordayam”. Bu gün hər bir qazaxlı yaxşı bilir ki, onu dinləyən rəhbəri var. Yazdığı məktuba cavab veriləcək. Məktubunda fərdi qəbul istəməsi birmənalı qarşılanmayacaq, üzərindən 1 və ya 2 gün keçmədən ona fərdi şəkildə görüşə gəlməsi üçün zəng gələcək. Görüşə gələ bilməyənlər isə evində görüşmək istəyəcək. Və yaxşı bilir ki, o görüş mütləq olacaq. Çünki 4 il ərzində Rəcəb Babaşov bunu oxuduğu məktublara anında reaksiya verməsi ilə dəfələrlə sübut etdi.
Qazaxın 4 illik yeni tarixi şəffaflıqla da yadda qaldı. İlk gündən bütün sahələrdə şəffaflıq təmin olundu.
Bu 4 il ərzində səslənən daha bir cümlə isə “Şəhid ailəsi mənim öz ailəmdir” cümləsi oldu. Bu cümlələr heç zaman dəyişmədi. Necə ürəkdən söylənmişdisə, elə də səsləndi… Özünü şəhid valideynlərinin yerinə qoyaraq onların acısına birlikdə şərik oldu. Şəhid ailələri ilə keçirilən görüşləri, şəhidlərimizin adlarını əbədiləşdirən bulaqların tikilməsini şəhid ataları, anaları üçün bir təskinlik bildi. Ən əsası da bu gün bu millətin, bu torpağın şəhidlərimiz sayəsində, onların axıtdıqları qanlar hesabına var olduğunu ilk gündən belə qəbul etdi. Məhz bu səbəbdən də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını şəhidlərimizin adına layiq hala gətirdi, şəhidlərimizin adı və şəkli əks olunmuş löhvələr vurduraraq əsl ziyarətgaha çevirdi. Şəhidlərimizin cismani ruhunu bir arada toplayaraq onların əziz xatirələrini öz əməli işi ilə bir daha böyük ehtiramla yad etdi.
Bəs Qarabağ müharibəsi əlilləri, veteranları? Bəli, onlar da unudulmadı. 4 il ərzində daim qayğı ilə əhatə olundular. “Qarabağ müharibəsi əlliləri bizim üçün, Vətən üçün sağlamlığını itiribsə, bizim də borcumuzdur ki, onlara daim dəstək olaq”, – deyən Rəcəb Babaşov bunu dəfələrlə göstərdi. 4 ildə olan səmimi münasibətin nəticəsidir ki, bu gün həmin insanların əksəriyyətini əzbər olaraq tanıyır. Adları çəkiləndə artıq bilir ki, söhbət kimdən gedir.
“Uşaqlar mənim üçün ayrı dünyadır, onları sevməmək mümkün deyil”, – söyləyən Rəcəb Babaşov bu sevgisini öz işlərində hər zaman əyani şəkildə əks etdirdi. Uşaqlarin dili ilə desək onların sevimli Rəcəb babası olaraq əlindən gələni əsirgəmədi. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə onların gözəl şəraiti olan bağçalarda, məktəblərdə təlim-tərbiyə almaları üçün hər cür şərait yaratdı. Rayon rəhbəri kimi balaca fidanlara olan sevgisinin bariz nümunəsini təkcə son 4 ildə Qazaxda bağçalarla bağlı görüdüyü işlərdən də aydın şəkildə görmək olar. Məhz bu qayğının, sevginin nəticəsidir ki, bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından 22-si müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Bağçalarda yaradılan şərait isə rayon rəhbərinin “Uşaqlar hər şeyin ən yaxşısına layiqdir” cümləsini əyani şəkildə göstərir.
Son 4 ildə rayonda görülən işləri isə sadalamaqla bitməz. Yeni çəkilən asfalt yollar, çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması, park və xiyabanların yenidən qurulması, uzun illərdən bəri həlli vacib olan məsələlərin öz həllini tapması və s.
Qazaxda elə bir sahə tapılmaz ki, orada Rəcəb Babaşov izi olmasın. Təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə ilk gündən inkişafa doğru uğurlar əldə olundu. Xüsusilə də rayonda kənd təsərrüfatının əvvəlki şöhrəti özünə qaytarıldı. İldən-ilə artan əkin sahələri onu göstərdi ki, Qazax doğurdanda hər bir sahədə uğur qazana bilər.
4 il ərzində çox sözlər danışıldı, çox yazılar yazıldı. Bəziləri dedi yeni gəlib özünü göstərir, bir az keçsin o, da əvvəlki icra başçıları kimi olacaq. Bəziləri dedi dövlət məmurudu necə olmalıdır, öz işini görür. Bəziləri isə ürəkdən, təmiz qəlbdən inandı, güvəndi. Rəhbərinin dediyi sözünün ağası olmasına, verdiyi vədlərə əməl olunacağına, dərdlərini dinləyən, qayğı göstərən insanın məhz Rəcəb Babaşov olacağına inandı.
Sonda onu demək istəyirik ki, bu 4 il ərzində Rəcəb Babaşov tək dövlət məmuru, öz səlahiyyətlərini icra edən icra başçısı kimi deyil, eyni zamanda əsl şəxsiyyət, özünəməxsus xarakterə məxsus, təmiz qəlbə, ürəyə sahib bir İNSAN kimi yaddaşlara yazıldı. İllər keçsə belə bu gerçəyi, həqiqəti heç nə dəyişməyəcək.
Müstəqil Azərbaycanımızın bir parçası olan Qazaxımızın inkişafı naminə atdığınız hər bir addımda Uca Yaradan özü köməyiniz olsun Rəcəb Babaşov.