İqtisadi cinayətlərin dekriminalizasiyası ilə bağlı Cinayət Məcəlləsində edilmiş dəyişiklikdən sonra 90 cinayət işinin icraatına xitam verilib.
Interpress.az xəbər verir ki,Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlil və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə bu dəyişikliklərin əhəmiyyəti, vergi hüquqpozmalarına yol vermiş şəxslərə münasibətdə yaratdığı imkanları və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına təsirlərini şərh edib.
O, bildirib ki, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 6 may 2016-cı il tarixli qanunları iqtisadi fəaliyyət sahəsində olan inzibati xətalara və cinayətlərə görə inzibati və cinayət məsuliyyətinin müəyyən edilməsi meyarlarında dəyişikliklər aparılıb, bəzi inzibati və cinayət əməllərinə görə məsuliyyətdən azad olunmanın şərtləri müəyyən olunub, əvvəllər cinayət sayılan, lakin hazırda müvafiq qanunla cinayət hesab olunmayan əməllərə görə hüquqi tənzimləmə mexanizmləri təsbit edilib.
Yekun müddəalarda bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslərin cəzadan azad olunması, habelə həmin qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin məhkumluğu olmayan hesab edilməsi, eləcə də məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu qanunla yaxşılaşdırıldığı hallarda, həmin məsələlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması qaydaları öz əksini tapıb.
Qanunun 2.4-cü maddəsində göstərilir ki, bu qanunun 1-ci maddəsinə əsasən, cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını və cəza tətbiq edilməsi zərurətini aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət işinə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir.
Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır.
Beləliklə, göstərilən dəyişiklikləri nəzərə alaraq qeyd etmək olar ki, ibtidai araşdırması Vergilər Nazirliyinə həvalə edilmiş, Cinayət Məcəlləsinin 192, 192-1, 193, 205-2, 213-cü maddələrində göstərilən əməllərin törədilməsi nəticəsində dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğləri iyirmi min manatdan az olduqda həmin cinayətlərə dair işlər üzrə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.
Bundan sonra vergi orqanları qeyd olunan maddələrdə göstərilən əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsini araşdırmalı və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görməlidirlər. Yəni vergi orqanları tərəfindən inzibati xəta tərkibinin bütün əlamətlərinin olub-olmaması araşdırılmalı və inzibati xəta tərkibi mövcud olduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində müəyyən edilmiş müddətlər gözlənilməklə inzibati xəta haqqında protokol tərtib edilməlidir.
Cinayət xarakterli materiallar Vergilər Nazirliyinin Hüquq baş idarəsi və Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi vasitəsilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilən zaman vergi orqanları tərəfindən son dəyişikliklər nəzərə alınır və həmin materialların göndərilməsi üçün müvafiq sənədlər hazırlanarkən qeyd olunan dəyişikliklərin tələbləri rəhbər tutulur. Hazırda bu işə yeni yaradılmış Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi də cəlb olunub. Qeyd etmək lazımdır ki, bu idarə vergilər nazirinin 17 may 2016-cı il tarixli əmri ilə vergi orqanları tərəfindən hesablanmış vergilər və faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların dövlət büdcəsinə alınması işinin təşkilinin daha da təkmilləşdirilməsi, vaxtında təqdim edilməmiş vergi bəyannamələrinin alınması, habelə vergi orqanları ilə icra qurumları arasında işin təşkili, vergi cinayətlərinin sayının azaldılması üçün cinayət tərkibi yaratmayan borc materiallarının əvvəlcədən araşdırılması, vergi cinayətlərinin təhlili və araşdırılması sahəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə metodiki kömək göstərilməsi məqsədilə yaradılıb.
Ölkə prezidentinin sərəncamları Azərbaycanda vergi borcları kimi qanunsuz əməllərin də dekriminalizasiyası istiqamətində çox mühüm addım hesab edilə bilər. Bu, biznes fəaliyyəti ilə məşğul olarkən qanunsuz əməllərə yol vermiş, lakin cəmiyyətə yararlı insanları cinayət dünyasına qatılmaqdan xilas etməklə yanaşı, dövlət büdcəsindən məhkumların saxlanmasına ayrılan xərcləri də azaldacaqdır.
Z.Məmmədzadə, onu da vurğulayıb ki, cinayət məsuliyyətinə cəlb olunmadan azadetmə vergidən yayınmaq üçün əsas ola bilməz.
Cinayət Məcəlləsində edilmiş dəyişiklikdən sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində istintaqı aparılmış və dəymiş zərərin məbləği 20.000 manatadək olan 90 cinayət işinin icraatına Cinayət Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən xitam verilib. Lakin bu qəbildən olan cinayət işlərinin icraatına xitam verildikdən sonra borclu vergi ödəyicilərinin dövlət büdcəsindən yayındırdıqları borcları silinmir, onlar buna görə, sadəcə, cinayət məsuliyyəti daşımırlar. Bu isə o deməkdir ki, qanunvericiliyə edilmiş son dəyişiklik vergi ödəyicilərini vergi öhdəliklərindən azad etmir. Bundan sonra həmin borc məbləğləri könüllü şəkildə ödənilmədiyi təqdirdə, onların məcburi qaydada alınması üçün vergi orqanları qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq inzibati tədbirlər görəcək.
Z.Məmmədzadə qeyd edib ki, hazırda baş idarə tərəfindən Vergilər Nazirliyində «elektron cinayət işi»nin yaradılması istiqamətində işlər görülür. Bu layihə yekunlaşdırıldıqdan sonra cinayət işlərinə nəzarət daha da sadələşəcək, insan resurslarından daha səmərəli istifadə ediləcək, ibtidai araşdırmanın daha intensiv, operativ və obyektiv aparılmasına, habelə vahid kriminalistik elektron uçot bazasının yaradılmasına nail olunacaqdır.
Gülşanə Mustafayeva
Interpress.az