İnterpress.az xəbər verir ki, əvvəlcə Formula-1 pilotlarının öz bolidləri ilə keçidi olub.
Açılış mərasimində xalqımızın mübariz ruhu və zəngin irsi bütün dünyaya nümayiş olunub. Mərasimdə bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət rol alıb.
Qədim və zəngin Azərbaycan mədəniyyətinin Formula-1 dəyərləri ilə vəhdət təşkil etdiyi açılış mərasimi 5 rəmz və model – alov, su, külək, irəli və birlik vasitəsilə müəyyən süjet xətti üzərində birləşən elementlərdən ibarətdir. Formula-1 pilotu olmağı milyonlarla insan xəyal edir. Lakin xəyalları reallığa çevirmək, Formula-1-in sürət həyəcanını yaşamaq, çempion olmaq üçün müstəsna xüsusiyyətlərə, peşəkarlığa malik olmaq lazımdır. Bunun üçün alov kimi qaynar ürəkli, su tək enerjili və qıvraq, külək kimi sürətli, daim irəliyə doğru can atmaqla əzmkarlığa və ayrı-ayrı fərdləri zəfər uğrunda birlikdə çalışmağa həvəsləndirən komanda ruhuna ehtiyac var. Bu keyfiyyətləri sahib olmaq üçün hər bir kəs mənəvi dünyasına nəzər yetirməlidir. Bütün bu keyfiyyətlər məhz Formula-1 idmanında qələbədə əsas açar rol oynayır.
Ehtirası təcəssüm etdirən alov möhtəşəm Formula-1 çempionunun ruhunu ifadə edir. Bu ehtirasdır Azərbaycan irsinin alovunu canlı saxlayır və onu gələcəyə aparır. Əllərində alov dalğalarını təcəssüm etdirən bayraqlar tutan oğlanlar və qızlar Azərbaycanın milli musiqisinin sədaları altında meydandan keçdilər. Alov dilimləri ətrafa yayılaraq Azərbaycanın qədim mədəniyyətini, həmçinin Formula-1 həyəcanını açılış mərasiminin iştirakçılarına və bütün dünyaya çatdırır.
Alovdan sonra açılış mərasimin ikinci hissəsi olan qıvraqlıq rəmzi su meydanı “ağuşuna alıb”. Rəqs qrupunun üzvləri meydanda müxtəlif mənzərələr yaradırlar. Bütün bunlar yarış iştirakçılarını, tamaşıları xəyallar aləminə aparır, göz önündə mavi Xəzərin suları canlanır.
Güclü sürücü olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və sərt döngələrdə istiqaməti dəyişməyə hazır olmalısan. “Xəzər dənizinə nəzər sal və onun enerjisindən və qıvraqlığından ilham al”, – açılış mərasiminin ikinci hissəsinin ruhu məhz belədir.
Mərasimin üçüncü hissəsi sürət rəmzi olan küləkdir. Külək sürəti daha da artırmağa sövq edir. Bu amil özündə həm Formula-1 həyəcanını təmsil edir, həm də Bakı üçün ilham mənbəyinə çevrilir. Milli rəqs qruplarının ifaçıları “Sarı gəlin”in sədaları altında “uçan xalça”larda meydana daxil olurlar. Onlar müxtəlif külək effektləri, orijinal fantastik mənzərələr yaradaraq tamaşaçıları xəyallar aləminə aparırlar. Yarış iştirakçıları və şəhərimizin qonaqları özləri də etiraf edirlər ki, bəli, Bakı həqiqətən də küləklər şəhəridir. Bu amil da məhz açılış mərasimində öz əksini tapır.
Rəqs qrupları daha sonra açılış mərasiminin dördüncü hissəsini qələbə rəmzi olan irəliyə hərəkəti – qəlbə əzmini təqdim ediblər. İştirakçılar irəliyə hərəkəti əks etdirən fiqur formasında irəliləyərək Bakıda Formula-1 yarışının həyəcanını bir daha ifadə ediblər. Bakı daim irəli doğru gedən şəhərdir. Gəlin, onun yüksəlməkdə olan ritmini dinləyin. Bu ritm sanki Formula-1 mühərrikinin gurultusunu xatırladır. Formula-1 pilotları bir az sonra məhz belə bir ritmlə mübarizəyə başlayaraq irəliyə doğru hərəkət edərək gərgin mübarizə aparacaqlar. Mərasim iştirakçıları meydanda dünyanın ən sürətli idman avtomobillərindən olan Formula-1 bolidini nümayiş etdiriblər. Bakı trekinin 2,2 kilometrlik düz hissəsi Formula-1 yarışında ən yüksək sürətin qeydə alınmasına imkan yaradır.
Nəhayət, ifaçılar mərasimin sonuncu – beşinci hissəsi olan birliyi, ölkələrin ittifaqı hissəsini təqdim ediblər. Formula-1 çempionu heç vaxt yalnız deyil. O, qələbə uğrunda birlikdə çalışan komandanın bir hissəsidir. Formula-1 Avropa Qran-pri yarışı Azərbaycanı, habelə Avropa, Asiya, Amerika, Avstraliya, bir sözlə, bütün dünyanı birləşdirən bir arzudur. Bu tamaşa ilə iştirakçılar bir daha bəyan edirlər ki, uşaqlıqdan hamının xəyallarında təsəvvür etdikləri arzular, əfsanələr burada həqiqətə çevrilir.
Açılış mərasiminin sonunda Azərbaycanın üçrəngli nəhəng bayrağı alqış sədaları altında meydana gətirilib.
İnterpress.az