İraqın sünni ərəb qəbilələri ölkənin 3 hissəyə – şiə, sünni və kürd bölgələrinə – bölünməsini dəstəkləyir. Bu barədə yerli telekanallara müsahibəsində Neyneva əyaləti ərəb qəbilələri sözçüsü Məzahim əl-Huveyt deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl İraq kürd administrasiyasının rəhbəri Məsud Bərzaninin oğlu, kürd muxtariyyətinin kəşfiyyat rəisi Məsrur Bərzani daha çox qan tökülməsinin qarşısını almaq üçün İraqın 3 hissəyə bölünməsi lazım gəldiyini deyib. M.Bərzani İraqın faktiki olaraq bölündüyünü, ölkədə terror və müharibənin dayanması üçün bölünmənin qaçılmaz olduğunu bildirib.
Əl-Huveyt isə qeyd edib ki, İraqın bu günə qədər yaşadığı faciələrin əsas səbəbi ölkədəki tayfaçılıq, irqçi siyasətdir. Ölkənin 3 hissəyə bölünməsi İraqı tayfaçılıq, məzhəbçilik, irqçilik kimi problemlərdən xilas edə bilər, bölgədə sabitlik və inkişaf yaranar.
Yeri gəlmişkən xatırladaq ki, İraqın bölünməsi fikri ilk dəfə ABŞ ordusu bu ölkəni işğal etdikdən sonra ortaya çıxıb. İşğaldan sonra ölkədə vətəndaş müharibəsi başlayıb və o zaman bir sıra media orqanlarında ölkənin bölünməyə doğru getdiyi iddiaları səslənirdi. Məlum olduğu kimi, İraqda işğaldan sonra faktiki olaraq ölkənin şimalında kürd muxtariyyəti müstəqil ərazi subyetki olaraq fəaliyyət göstərir. Eyni zamanda, işğal illərində məzhəbi toqquşmaların artması, İraqda radikal qrupların yayılması ölkənin bölünməsi iddialarını yenidən gündəmə gətirib.
Ancaq ən ciddi bölünmə iddiaları İŞİD İraqın mərkəzi hissəsində əsasən sünni bölgələrini işğal etdikdən sonra yaranıb. Mosul valisi Üsamə Nuceyfinin şəhəri müqavimətsiz təslim etməsi, daha sonra şiə könüllü silahlı birliklərinin (Həşdi Şabi) Mosulun azad edilməsi əməliyyatına daxil edilməməsi çağırışları bir çox mərkəzlərdə İraqın bölünməsinin işarəti olaraq qarşılandı.
Türkiyədə də bir çox beynəlxalq münasibətlər və konfliktologiya mütəxəssislərinə görə, İraqın bölünməsi qaçılmazdır. Ekspertlərə görə, İŞİD-in nəzarət altına aldığı ərazilər faktiki olaraq ölkəni məzhəbi olaraq bölüb. Yalnız türkmən bölgələrinin taleyi qeyri-müəyyən olaraq qalır.
Ancaq yerli aşirətlərdən fərqli olaraq Bağdaddakı sünni siyasətçilər bölünməyə isti yanaşmırlar. Doğrudur, hazırda ölkənin sünnilər yaşayan bölgələrin böyük qismi İŞİD-in nəzarətində olsa da, digər ərazilər mərkəzi hökumətin tabeliyindədir. Digər tərəfdən, əksər siyasətçilər anlayır ki, Hindistan nümunəsində olduğu kimi, əbədi düşmənçilik və müharibə dövrü başlayacaq. Çünki istənilən halda bölgü problemi olacaq və qurulacaq subyektlər arasında savaş yaranacaq.
Həmçinin İraqın bölünməsi bu ölkənin üçüncü etnik azlığı olan türkmənlər üçün böyük faciə olacaq. Çünki etnik cəhətdən türk olan türkmənlər arasında həm şiələr, həm də sünnilər var. Üstəlik, türkmən bölgəsinin böyük bir qismi hazırda kürd muxtariyyətinin nəzarəti altındadır. Əgər bölünmə olarsa türkmənlər faktiki olaraq 3 yeni dövlətin ərazisinə parçalanacaqlar.
Maraqlıdır ki, ABŞ hökuməti İraqda bölünmə təkliflərinə qarşı olduğunu bəyan edib. Vaşinqton İraqın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyində heç bir dəyişiklik omadığını bildirib. (musavat.com)
İnterpress.az