Buraxılş imtahanları, təkamülə son?
“Buraxılış imtahanlarında müsbət tendensiya müşahidə olunur və biz çox istərdik ki, bu müsbət tendensiya davam etsin”
Məleykə Abbaszadə
Bu ilki buraxılış imtahanları hər il olduğu kimi yenə geniş müzakirələrə yol açdı. Bizdə orta təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının nəticələrindən “istifadə olunur”. Bu meyarlar normal meyarlardır, ancaq bundan qeyri – rasional şəkildə istifadə olunmamalıdır. Buraxılış imtahanları başa çatan kimi dərhal “2” alanları, qəbul imtahanları başa çatdıqdan sonra isə 0-200 bal toplayanları sayıb, orta təhsilin keyfiyyətinə qiymət verənlərin sayı çoxdur. Məsələn, nadir hallarda rast gəlmək olar ki, kənardan təhsilin keyfiyyətinə qiymət verilərkən buraxılış imtahanlarında “4” və “5” alanların, qəbul imtahanlarında isə 500 – 700 bal toplayanların sayı önə çəkilsin.
Başqa bir misal: bu il fənn olimpiadalarında iştirak edənlərin sayı və nəticələr barədə yazılara demək olar ki, rast gəlmədik. Şagirdlərimiz böyük uğurlara imza atmışdılar. Təhsil Nazirliyinin keçirdiyi maraqlı və əhəmiyyətli müsabiqələrdən biri də ”Ədəbiyyat biliciləri” müsabiqəsi oldu. Bunu fənn olimpiadaları kimi əhəmiyyətli saymaq olar. Bizim orta məktəblərin məzunlarının xarici ölkələrin aparıcı universitetlərindəki uğurları da lazımınca dəyərləndirilmir. “Sabah” qruplarının institusional fəaliyyəti gənclərin elmə marağını gücləndirir. Bəlkə bunların təhsilin keyfiyyətinə dəxli yoxdur?
Buraxılış imtahanları barədə məlumat Dövlət İmtahan Mərkəzinin statistik nəticələrindən götürülür. Bu qurumun rəhbəri AzTv-yə müsahibəində bildirdi ki, buraxılış imtahanlarında ötən illərə nisbətən təxminən 5 faizə qədər, müəyyən rayonlarda isə yüksək nəticələr, sıçrayış var. Müsahibədən hiss olunurdu ki, Məleykə xanım nəticələrin ilbəil yüksəlməsindən məmnundur. Nəticələrdəki müsbət dəyişikliklər əlbəttə ki, qəbul imtahanlarına da təsirini göstərəcək.
Orta məktəblərin nəticələrini birbaşa nazirliyin fəaliyyəti ilə bağlamaq nə dərəcədə məntiqlidir? Yaxud, Təhsil Nazirliyi məktəb təhsilinin keyfiyyətinin yaxşılaşdırılması üçün nə edir?
Təhsil Nazirliyi müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsini həyata keçirdi və bunun nəticəsində müəllimlərin əməkhaqqı əsaslı dərəcədə yüksəldildi.
Bununla yanaşı:
-müəllimlərin işə qəbulu imtahanla həyata keçirilir;
-məktəb direktorları müasibiqə yolu ilə seçilir;
-bir neçə liseydə “Olimpiada mərkəz”i yaradılıb;
-Nazirlik “İlin 50 ən yaxşı məktəbi” və “100 ən yaxşı müəllim”ini seçib, ölkə başçısına təqdim edir;
-yeni nəsil dərsliklərin yazılması istiqamətində işlər aparılır;
-“Ədəbiyyat bilicisi” müsabiqəsi keçirilir;
-1-ci siniflərə şagird qəbulu elektron formada həyata keçirilir;
-məktəblərin İKT təminatını yaxşılaşdırılır və s.
Bütün bunların müqabilində məktəblərin nəticələri sıçrayışlı olmalı idi. Ancaq görünür ki, Mərdanov epoxasının məktəblərini yerindən tərpətmək bir o qədər də asan iş deyil. Həmin dövrdə əsas paradiqma kimi “təkamül” yolu seçilmişdir. Məktəblərdə nizam-intizam qaydalarının bərqərar olunması və müəllimlərin peşəkarlığının artırılmasına hələ çox vaxt lazımdır. Fənn proqramlarının zəif mənimsənilməsindən biz çox danışır və yazırıq. Bu proses özündə nəyi ehtiva edir? Bunun sadə izahı belədir: proqramın tam mənimsənilməsi o deməkdir ki, şagird keçilən mövzunu düzgün anlayıb, digərinə, sonra isə mürəkkəb mövzuya keçir. Yəni verilən mövzu uşaqlara dürüst aydınlaşdırılmamış tələsik başqasına keçmək proqramın məninsənilməməsinə gətirib çıxarır.
Bu, bizim məktəblərin xarakterik xüsusiyyətidir. Bir çox ölkələrin təhsilinin əsas cövhərini tədrisin darıxdırıcı olmaması təşkil edir. Şagird dərsdən zövq almalıdır. Məktəblərdə valideynlərlə məktəb direktorları arasında gərginlik tam səngiməyib. Fərdi hazırlıqlar məktəb təhsilinin kölgəsində qalmalıdır. Bu istiqamətlərdə çalışmalar buraxılış və qəbul imtahanlarının nəticələrinə mütləq təsir edəcək. Fikrimcə, indi məktəb direktorlarına tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait də yaradılır.
Xanım Abbaszadə müsahibəsində “2” alanların sayının azalması, “3” alanların sayının artması məsələsinə də toxundu. Məncə qarşıda duran əsas məsələ “4” alanların sayını artırmaqdır. Bu, həm də sosial baxımdan əhəmiyyətli məsələdir.
Bunun hesabına 9-cu siniflərdə orta bal 30-u, 11-ci siniflərdə isə 45-i ötə bilər.
Təhsil sistemi inkişaf etmiş ölkələr sırasına daxil olan İsveçdə zəif oxuyanlara köməklik göstərmək işi geniş vüsət alıb. Əlavə bilik almaq istəyənlərə daha çox dəstək verilir. Bizdə də zəiflərə əlavə bilik almaq üçün şərait yaradılmalı, həm də onlarda buna maraq oyadılmalıdır. Zəif oxuyanların icbari təhsilə qədər ruhdan salınması halları olduqca çoxdur. Bunun da imtahanlara təsiri danılmazdır. Məktəbin gücü onda təhsil alan bütün şagirdlərlə maraqlanmağa çatmalıdır.
Etibar Əliyev, təhsil ekperti