Balidə istirahət xəyalı quran qadın təyyarədə dava salıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Kaluqa şəhərinin sakini olan qadın sərnişin təyyarəsində böyük qalmaqal və dava salıb. Nəticədə onu Balidə lüks istirahət əvəzinə hava limanında dörd polis əməkdaşı gözləməli olub.
Hadisə “Qatar Airways” aviaşirkətinə məxsus Moskva – Doha reysini həyata keçirən təyyarədə baş verib. Uçuş zamanı qadın sərnişinlərdən biri spirtli içki qəbul edərək həddini aşıb.
Şahidlərin sözlərinə görə, o, əvvəlcə ətrafdakılara uca səslə “Kaluqadan olduğunu” və tezliklə Bali adasına dincəlməyə gedəcəyini danışıb.
Daha sonra qışqırmağa başlayan qadın əvvəlcə öz tərəfdaşına hücum edib, ardınca isə arxa sırada oturan azyaşlı uşaqla mübahisə etməyə başlayıb.
Sərnişinlər və təyyarə bələdçiləri onu sakitləşdirməyə çalışsalar da, o, heç bir xəbərdarlığa reaksiya verməyib, hətta sərnişinlərdən biri ilə əlbəyaxa davaya çıxıb.
Şahidlərin bildirdiyinə görə, təyyarə Doha hava limanına enən kimi göyərtəyə dörd yerli polis əməkdaşı daxil olub.
Onlar intizamsız qadını təyyarədən çıxararaq araşdırma aparılması üçün polis bölməsinə aparıblar.
Faktla bağlı protokol tərtib edilib və rusiyalı turisti böyük məbləğdə cərimə gözləyir. Onun Balidəki lüks tətil planları isə yarımçıq qalıb.
Xuraman Etibarlı
İnterpress.az






