Moskva ətrafında çimərlikdə ağacın altında gizlənən qadını ildırım vurub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Moskva ətrafında yerləşən Podrezovo çimərliyində dincələn moskvalı qadını ildırım vurub. Hadisə şimşək çaxması və leysan fırtınası zamanı qeydə alınıb.
Qadın qəfil başlayan fırtınadan qorunmaq məqsədilə çimərlikdəki uca ağacın altında gizlənib. Lakin güclü ildırım zərbəsi birbaşa həmin ağaca dəyib və güclü elektrik boşalması nəticəsində qadın ağır xəsarətlər alıb.
Hadisə yerinə dərhal təcili yardım çağırılıb və yaralı təxirəsalınmadan xəstəxanaya yerləşdirilib.
Həkimlər zərərçəkmiş qadına sinə nahiyəsinin III dərəcəli termiki yanığı və aritmogen şok diaqnozu qoyublar. Hazırda o, xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdədir.
Mütəxəssislər fırtınalı və ildırımlı hava şəraitində vətəndaşlara təhlükəsizlik qaydalarını xatırladırlar: şimşək çaxarkən heç bir halda hündür və tək dayanan ağacların altında gizlənmək olmaz, çünki ildırım zərbəsi adətən ərazidəki ən uca nöqtələri hədəf alır.
Xuraman Etibarlı
İnterpress.az






