İran ABŞ və İsrailin zərbələrinə rəğmən raket arsenalının böyük hissəsini qoruyub saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
ABŞ və İsrail aviasiyasının genişmiqyaslı hava zərbələrinə baxmayaraq, İran hərbi rəhbərliyi raket arsenalının və müdafiə infrastrukturunun əhəmiyyətli hissəsini qorumağı bacarıb.
ABŞ və İsrail hərbi hava qüvvələrinin əsas hədəflərindən biri Yezd şəhəri yaxınlığındakı yeraltı raket kompleksi olub. Lakin çoxsaylı bombardmanlara rəğmən, İran ordusu atəşkəs elan olunana qədər raket buraxılışlarını dayandırmayıb.
ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, rəsmi Tehran özünün mobil buraxılış qurğularının təxminən 70 faizini və müharibədən əvvəlki raket ehtiyatının eyni həcmdə olan hissəsini qoruyub saxlaya bilib.
Bundan əlavə, İran ordusu Hürmüz boğazı ətrafındakı mövqelər də daxil olmaqla, bir çox mühüm yeraltı obyektlərə çıxışı yenidən bərpa edib.
Ekspertlərin fikrincə, dağ silsilələrində yerləşən və yerin 70 metr dərinliyində quraşdırılan bu yeraltı sığınacaqları adi aviabombalarla sıradan çıxarmaq demək olar ki, qeyri-mümkündür.
Baş vermiş hərbi münaqişə ölkənin raket proqramına birbaşa cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daxili mövqelərini daha da gücləndirib.
Tehranda hesab edirlər ki, raket potensialının qorunub saxlanılması gələcəkdə ABŞ və İsrailin mümkün yeni hücumlarının qarşısını almaq üçün ən vacib çəkindirici amildir.
Xuraman Etibarlı
İnterpress.az






