Vyetnamda ayaq masajı etdirən gənc qadın kor olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sankt-Peterburqdan olan 27 yaşlı Darya adlı qadın Vyetnamda keçdiyi adi ayaq masajı seansından sonra görmə qabiliyyətini qismən itirib.
Daryanın sözlərinə görə, masaj zamanı o, hörülmüş kresloda əyləşərək geriyə doğru uzanıb və ənsə nahiyəsini kreslonun söykənəcəyinə sıxıb. Masaj bitdikdən dərhal sonra gözlərini açan gənc qadın demək olar ki, heç nə görmədiyini fərq edib.
Onun gözü önündə yalnız bulanıq siluetlər və işıq ləkələri canlanıb. Təxminən iki saat davam edən tam korluq səbəbindən o, hətta taksi belə çağıra bilməyib və kor-koranə hərəkət edib.
Sonradan görmə qabiliyyəti qayıtsa da, tam bərpa olunmayıb.
Yad ölkədə həkimə müraciət etməyən qadın yalnız yarım ildən sonra, Rusiyaya qayıtdıqda mütəxəssis müayinəsindən keçib.
Həkimlər bildiriblər ki, başın uzun müddət əlverişsiz vəziyyətdə qalması və boyun damarlarının sıxılması nəticəsində gözlərin qanla təchizatı tamamilə pozulub.
Əgər o, vaxtında həkimə müraciət etsəydi, görmə qabiliyyətini bərpa etmək mümkün olardı. Nəticədə qadının görmə qabiliyyəti -1.5-dən -2 və -2.25-ə qədər pisləşib, sol gözündə isə astiqmatizm kəskin şəkildə güclənib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə fəsadlar bəzən bərbərxanalarda saç yuyulması zamanı boyunun uzun müddət geriyə doğru əyilməsi nəticəsində də baş verə bilər.
Bu vəziyyət gözlərlə yanaşı beynin də qidalanmasını pozur və bəzi hallarda qısamüddətli korluğa və görmə qabiliyyətinin kəskin şəkildə aşağı düşməsinə yol açır.
Xuraman Etibarlı
İnterpress.az






