“BakuBus” baş vermiş qəzanı araşdırırbackend

“BakuBus” baş vermiş qəzanı araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə musavat.com saytında “BakuBus” sürücüsünün insanların həyatını təhlükəyə salan hərəkəti barədə yazmışdıq.

Sərnişinlərdən bəzilərinin ciddi xəsarət almasıyla nəticələnən qəza barədə qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyev musavat.com-a açıqlama verib: “Əvvəlcə onu qeyd edim ki, bu kimi hadisələrlə bağlı şikayət olmasa belə, məlumatın olması artıq araşdırma üçün bizə əsas verir. Çünki sərnişindaşıma sahəsində insanlara yüksək xidmət göstərməyi qarşısına məqsəd qoyan “BakuBus” bu cür halların baş verməməsində və ya əvvəlcədən qarşısının alınmasında hamıdan çox maraqlıdır. Bildirim ki, məqalədə göstərilən şikayətin məzmunu kifayət qədər ciddi araşdırma tələb edirdi. Ona görə də məlumat daxil olan kimi dərhal hadisənin vaxtı, baş vermə yeri, avtobus və həmin sürücü araşdırma nəticəsində müəyyən olundu. Daha sonra isə həmin avtobusda quraşdırılmış videokameraların yaddaşı götürülərək, hadisənin baş vermə anı mütəxəssislər tərəfindən izlənildi. Hazırda araşdırması davam edir və hadisə ilə bağlı ilkin təəssüratlar mövcuddur”.

M.Piriyevin sözlərinə görə, sürücü əslində böyük bir qəzanın qarşısını alıb: “Sadəcə onu söyləmək olar ki, sürücü qaydaları pozaraq təhlükə yaradan, qəfil avtobusun qarşısına keçən avtomobilə ani reaksiya verərək, əyləcdən istifadə etməklə mərkəzi yolda baş verəcək böyük bir qəzanın qarşısını alıb. Bu, videogörüntülərdən də çox aydın şəkildə görünür. Ancaq burada digər nüanslar da var ki, onlar aidiyyatı üzrə araşdırma tələb edir. Biz hadisə ilə bağlı yekun nəticənin çıxarılması və obyektiv qərarın verilməsi üçün şikayətçi tərəfi də “BakuBus”a dəvət etmişik. Hadisənin videogörüntüləri qarşılıqlı şəkildə izlənildikdən və nəticə aydın olduqdan sonra çox güman ki, həmin videogörüntülər mətbuat vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda “BakuBus” ictimaiyyət üçün açıq təşkilat olduğundan müraciət edən sərnişinlər şikayətlə bağlı aparılan araşdırmaları əyani şəkildə görmək üçün “BakuBus”a gəlib, ətraflı məlumat ala bilərlər”.

Musavat.com xatırladır ki, araşdırmaya səbəb olan hadisə sentyabrın 27-də Bakının mərkəzi küçələrindən birində baş verib. “BakuBus”a məxsus avtobusun sürücüsünün törətdiyi yol terroru nəticəsində baş verən qəza vəziyyəti sərnişinlərin stressi və yüngül xəsarət alması ilə nəticələnib. Hadisə barədə təfərrüatları musavat.com-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirib.

Qəza isə onun 78 yaşı atası Süleyman Süleymanovun sərnişini olduğu 13 saylı avtobusda baş verib: “Dediyim tarixdə, saat 13.40 radələrində atamın da içində olduğu avtobus Heydər Əliyev Mərkəzinin aşağısındakı küçədə, “Gross Makret”in qarşısında qəza vəziyyəti yaradıb. Maşının nömrəsi böyük ehtimalla 279 olub. Sürücü avtobusu vəhşi kimi idarə edib. Yerindən tərpənməyi ilə qəfil əyləci basıb və nəticədə bütün sərnişinlər qəza vəziyyətindəki kimi, bir-birinin üstünə yıxılıblar. Atam avtobusun içində müvazinətini saxlaya bilməyərək, bir neçə metrdən, sözün əsil mənasında, uçaraq, ön \”torpedo”ya dəyib. Digər sərnişinlər də onun üstünə aşıblar. Nəticədə yaşlı valideynim ciddi xəsarət alıb. Sərnişinlər çığır-bağır salaraq, zorla avtobusu saxlada biliblər. Hər nə qədər bütün sərnişinlər sürücünün avtobusdan düşməsini tələb etsə də, o, bundan imtina edib və düşməyib. Hiss olunub ki, sürücü həmin qəzaya qədər də pis sürüb və sərnişinlər hamısı onun əlindən qəzəbli olub”.

İnterpress.az