Sabunçu Rayon Məhkəməsində günün ikinci yarısında davam edən prosesdə \”Çovdarov işi\” üzrə ikinci epizodun araşdırılmasına başlanılıb.
Qızıl satan Şahmar Qurbanovdan sonra zərərçəkmiş, əntiq malların satışının həyata keçirildiyi \”Moda\” mağazasının sahibi Vəzirov Əbil Rəşidoviçdir. O, 2015-ci ildə dünyasını dəyişib. Şikayəti isə onun həyat yoldaşı Şərəf Vəzirova edib.
Lakin Əbil Vəzirovun həyat yoldaşı məhkəmədə iştirak etməyib. Hakim zərərçəkmiş tərəfin ifadə verməli olduğu halda, şahidlərin ifadə verməsini istəyib. Akif Çovdarovun vəkilləri buna etiraz ediblər, lakin onların etirazı qəbul olunmayıb.
Şərəf Vəzirova səhhətindəki problemə görə məhkəmədə iştirak etməyib.
Şahid qismində Fuad Ələkbərov dindirilib. O, ifadəsində deyib ki, zərərçəkmiş Əbil Vəzirov ondan sağ ikən 35 min manat alıb. Onun sözlərinə görə, Ə.Vəzirov pulu ondan MTN-ə vermək üçün alıb.
Bildirək ki, Şərəf Vəzirova Çovdarovun onun ərindən külli miqdarda pul vəsaiti aldığını deyir. O, istintaqa ifadəsində deyib ki, əri \”Beşmərtəbə\” yaxınlığında \”Moda\” adlı suvenir mağazası işlədib, 2009-cu ilin oktyabr ayının 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutularaq Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına aparılıb.
Onun sözlərinə görə, orada hədə-qorxu ilə ondan Mişa adlı şəxsə qanunsuz əntiq əşya satması barədə ifadə verməsi tələb olunub.
Həyat yoldaşının dediyinə görə, Ə.Vəzirov 10 saatdan artıq MTN-də saxlanılıb, ondan 200.000 dollar istənilib və verməyəcəyi təqdirdə həbs ediləcəyi ilə hədələnib.
Şərəf Vəzirovanın dediyinə görə, Əbil Vəzirov ümumilikdə 80.000 dolları şəxsən Çovdarova Milli Təhlükəsizlik Nazirliyində verib.
Akif Çovdarov isə Ə.Vəzirovun həyat yoldaşının dediklərini şər və böhtan adlandırıb. ( musavat.com )
İnterpress.az