Akif Çovdarovun oğlundan sensasion açıqlamalarbackend

Akif Çovdarovun oğlundan sensasion açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az hazırda məhkəməsi davam edən MTN generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarovun \”Yeni Müsavat\” qəzetinə müsahibəsini təqdim edir.

– Çoxdandır atanızla görüşmək imkanı əldə etmirdiz. İndi vəziyyəti necədir? Necə keçdi görüş?

– Görüş üçün müəyyən edilmiş vaxt olur. Ayda iki-üç dəfə, 10 gündən bir… Sağ olsunlar, atamın səhhətini nəzərə alıb, görüş təşkil edirlər. Dünən də görüşdüm. Bildiyiniz kimi, səhhəti çox pisdir. Başlatdığı aclıq aksiyası davam edir. Bu insan gün ərzində 200-250 qram su içir. Görə də bilərlər, bir qram sovqat da aparmırıq. Atam ancaq su içir. Buna da səbəb odur ki, ağrıkəsici dərmanlar qəbul edir. Susuz olmaz.

– Yeməkdən imtina edib…

– Bəli, tələbləri yerinə yetirilmədiyinə görə. Bu gün onu ayaqda saxlayan sudur.

– Nə qədərdir davam edir bu aksiyası?

– Bir ay olar.

– Oxuculara xatırladaq. Nədir tələbləri?

– Səhhəti ilə bağlı ekspertiza keçirilsin. Ekspertizada öz yerli həkimlərimizlə yanaşı, xaricdən də həkimlər iştirak etsinlər. Xaricdən həkimləri öz vəsaitimiz hesabına gətirməyi təklif etmişik. İstər Türkiyə, istər Gürcüstan, istər Rusiya olsun. Amma daha yaxşı olardı ki, Almaniyada onu əməliyyat edən xəstəxananın həkimini də gətirtsinlər. Amma məhkəmə onun bu vəsatətini təmin etmədi, razı olmadılar.

– Ailə üzvlərinizin müsahibəsindən belə aydın olur ki, Akif Çovdarovun səhhəti kritikdir. Ödü çıxarılıb, bəzi orqanları köçürülmədir. Niyə belədir ki, mənzərə? Səhhəti niyə bu formadadır?

– Əlbəttə. Onun köynəyinin qabağını açan hər kəs sinəsində əməliyyatların yerini görər, heç epiqrizə də ehtiyac qalmaz. Boğazından aşağıya qədər kəsiyi var. 2006-cı ildə ürəkdən, şuntlama əməliyyatı keçirib. Dörd damarı dəyişdirildi. Ondan sonra iki dəfə şok vəziyyətinə düşdü, şok aparatı ilə ayıltdılar. Bu yaxınlarda ürək ritminin pozulmasından əziyyət çəkirdi. Almaniyada olanda həkimlərə müraciət etdik.
Dedik ki, ürək ritminin düzənlənməsi üçün şok aparatından istifadə etsinlər. Həkimlər bizə bunu etməməyi məsləhət gördülər. Dedilər ki, şok aparatından istifadə etsək, ayılmaya bilər. Sonra 2011-ci ildə mədəsinin yuxarı hissəsində onkoloji xəstəlik tapıldı. Əvvəl fikirləşdik ki, mədəsinin həmin hissəsini götürsünlər. Amma iki-üç ay həkimlər kimya terapiyası (\”ximoterapiya\”) məsləhət gördülər. Ondan sonra isə həkimlər mədəni bütöv götürməyi uyğun bildilər. Mədəsi bütöv götürüldü. Ödü də yaxşı işləmirdi. Həkimlər dedilər ki, o ki əməliyyata girir, ödü də işləmir, elə ödünü də birdəfəlik götürək.

\”Yoldan keçən adamları tutub, Akif Çovdarovun üzünə qoyurlar\”

– O zaman daim dərmanlarla yaşayırdı…

– Əlbəttə. İşdə olanda evdən xüsusi yeməklər hazırlanıb göndərilirdi. Xəstəliyi ilə əlaqədar həkimin məsləhət gördüyü, pəhriz xarakterli yeməklər. Tez-tez, az-az yemək… Dərmanları da onun kimi. Daim həkim nəzarətində idi. Amma indi təəssüf ki, bizim onun durumunu əvvəlki kimi həssaslıqla nəzarət altında saxlamağımız mümkün deyil. Həftədə bir dəfə ona yemək aparırıq. Həmin boyat yeməyi həftə boyu yeyə bilməz. Mədəsi də yoxdur. Bağırsaq birbaşa qida borusuna birləşdirilib. Bu halda da ona boyat yemək və ya qeyri-ev yeməyi olmaz.

– Atanızın adı bizə, mətbuata illər öncədən tanış idi. Elmar Hüseynovun qətli, Aqil Xəlilin döyülməsi məsələlərində adı ən çox hallanan şəxslərdən idi. Biz onun fotolarını da məhz Aqil Xəlil döyülən ərəfədə gördük və yaydıq. Öncə onu soruşum: atanızla bağlı mediada yaranan imiclə razısızmı? Onun həqiqi imicinə nə qədər uyğundur?

– Deyərdim ki, atamla bağlı formalaşdırılan imic onun gerçək imici ilə tamamən ziddiyyət təşkil edir. Açığı, mən o adını çəkdiyiniz şəxslərlə, olaylarla bağlı rəy vermək də istəmirəm. Çünki mənim bu işlərdən xəbərim yoxdur. Amma bir məqamı nəzərinizə çatdıracam: ittiham aktları hər birinizdə var. İttihamların içində nə ölüm işi, nə adam bıçaqlama, nə yaralama işi yoxdur. Məhkəmələrin gedişindən də görürsüz. O qədər \”zərərçəkən\”lər üzə çıxıb ki. Hələ bundan sonra da çıxacaq. Az qala yoldan keçən adamları tutub, Akif Çovdarovun üzünə qoyurlar. Sizcə, Akif Çovdarovla bağlı ölüm işi olsaydı, bunun üçün də saxta şahidlər tapıb, onun üzünə qoymazdılarmı? İlk növbədə bu məsələnin şişirdilməsində maraqlı olardılar.

– Hər halda, bunlar siyasi işlərdir…

– Bilmirəm. Mən versiyamı dedim.

– Aqil Xəlil olayı mənim dəqiq yadımdadır. Jurnalist atanızın şəklini çəkmişdi və iddia etmişdi ki, onu \”şnur\”la boğmağa çalışan Akif Çovdarov idi. Yadınızdadır o hadisə?

– Eşitmişdim. Mən o vaxt burda deyildim, amma eşitmişdim.

– Atanızla bu haqda danışmışdız heç? O nə deyirdi bu haqda?

– O məsələnin necəliyini bilmirəm. Amma siz özünüz təsəvvür edin ki, birincisi, bu adam MTN-də yüksək vəzifədə olan adam idi. Polkovnik idi onda. Aqil Xəlilsə onda heç jurnalist deyildi, \”stajor\” idi. Yəni siz nə dərəcədə ağlabatan hesab edirsiz ki, MTN-in polkovniki, canlı-cəsədli adam düşsün jurnalistin dalınca, onu tutub, döysün? Bu, mümkün idimi, sizcə?

– Hər halda, həmin vaxt Aqil Xəlil çox təhlükəli bir hadisənin üstünü açmışdı və bu qəzəbə səbəb olmuşdu…

– (Etiraz edir) Xanım, orda təhlükəli hansı hadisə var idi? Yazırdılar ki, Akif Çovdarov Zeytunluqda torpaqlar alır. İstintaq həmin vaxt da araşdırdı. Gedin siz də maraqlanın. Akif Çovdarovun adına Zeytunluqda torpaq sahəsi olubmu, varmı?

– O vaxtdan bu vaxta qalarmı? Başqasının adına keçirmə ehtimalı da var…

– Hər bir sənədin kökü var. Torpaq mənim adımadırsa, bunu sonradan kiminsə adına keçirirəmsə, onun kökündə qeyd olunur ki, əvvəl kimin adına olub. Ona görə də Aqil Xəlillə bağlı hadisəni mən jurnalist fantaziyası hesab edirəm. Populyarlaşmaq, süni ajiotaj yaratmaq üçün atamın adından istifadə etdilər. Aqil Xəlilin bıçaqlanmasına gəlincə, əgər gerçəkdən elə bir şey olsa, indi cinayət işində bu hadisənin də adı olardı. Əgər o gerçəkdən bıçaqlanmışdısa, gəlib şikayət edərdi.

– Onun şikayətləri olub müvafiq orqanlara. Avropa təşkilatlarına…

– Olubsa, cinayət işində adı olardı bu hadisənin. Mən bu olayı atama sığışdırmıram. İnanmıram ki, belə bir şey ola bilər.

– Bəs Akif Çovdarovu, əslində, niyə həbs ediblər? Sizin versiyanız nədir?

– Mən ona nə deyim? Bu, siyasi söhbətlərdir və mən buna qarışmayacam.

– Hazırda atanızın davam edən məhkəməsinə jurnalistlər buraxılmır. Əvvəl belə versiya vardı ki, özü və ailəsi jurnalistlərin prosesdə iştirakını istəmir… Əslində ailənin bu məsələdə mövqeyi nədir?

– Bizim vəkillər bir neçə dəfə vəsatət qaldırdılar ki, media prosesdə iştirak etsin. Amma vəsatət qəbul edilmədi. Medianın iştirakı mənim üçün də xoş olardı. İçəridə baş verənləri, yalançı zərərçəkmişlərin nə qədər saxtakar ifadə verdiklərini bütün ictimaiyyət görərdi. Bu gün jurnalistlər prosesdən çıxan vəkillərdən müsahibə alırlar. Amma vəkillər deyir ki, jurnalistlərə bir kitablıq söz danışırıq, gedib üç cümlə yazırlar. Bununla ictimaiyyətə necə məlumat verə bilərsiz ki, gerçəkdən içəridə nə baş verir? Ya da içəridə kiminsə adamı, diktofonu var. Onlar da istədikləri kimi yazıb verirlər məhkəməni.

– Hansı media orqanını nəzərdə tutursuz?

\”Allaha şükür, birtəhər dolanırıq, acımızdan ölmürük, …\”

– Özünüz yaxşı bilirsiz, kimlər məhkəməni necə yazır. Günün sonunda geniş yazan saytlar var. Özləri də etiraf edirlər ki, bizim içəridə müxbirimiz oturub, diktafonumuz var.

– Bunun nəyi sizə ziyandır ki? İçəridə heç olmasa bir müxbir var və olanları yazır…

– Ziyan odur ki, həmin media orqanları istədikləri kimi yazırlar. Nəyi istəsə, ixtisar edir, nəyi istəsə, əlavə edir.

– Həmin məqamlara qayıdacağıq yenidən… Amma mən sizin barənizdə də danışmaq istəyirəm. Bu günə qədər Ruslan Çovdarovun adı mətbuata tanış deyildi. Son bir neçə ayda verdiyiniz müsahibələr və sosial şəbəkədəki aktivliyiniz sizi cəmiyyətə tanıtdı. Bəs bu günə qədər siz nə işlə məşğul idiz? Kimsiniz, təhsiliniz, işiniz… Qısaca özünüzü oxuculara tanıdın, mümkünsə…

– 34 yaşım var. Mən son bir ildə heç bir işlərə qarışmırdım, yazılara reaksiya vermirdim, status paylaşmırdım. Amma son dövrlər cəmiyyətdə atamın adını ifrat dərəcədə şişirdib, onun barəsində qorxunc obraz yaratdılar. Bu zaman istər-istəməz insan bunu özünə sığışdırmır. Jurnalist yazısı oxunsun deyə, yazının içindən bir dəxli olmayan cümləni götürüb başlığa qoyur və yanlış rəy yaradır cəmiyyətdə.
İnsanlar da çox vaxt başlığı oxuyur, yazının içinə baxmırlar. Beləliklə, səhv təəssürat yaranır atamla bağlı. Qorxunc adam kimi təqdim edirlər atamı. Çox adam da yazının başlığını görüb, atam barədə pis fikirlər, şərhlər yazır. Bir-iki dəfə fikrimi bildirdim bu barədə. Özümə gəlincə, atam vəzifədə olanda da, özüm vəzifədə olanda da çalışmışam hər zaman qalmaqaldan uzaq olum. ə

– Harda təhsil almısız?

– İqtisadiyyat Universitetində.

– Xaricdə oxumamısız?

– Xaricdə kurslarda olmuşam.

– Mən sizin Oksford Streetdə şəkillərinizi görmüşəm sosial şəbəkədə. Düşündüm ki, yəqin təhsilinizdə bir Oksford izi də var.

– Xeyr, orda MBA proqramlarında olmuşam. İkinci təhsilimi burda, Bakı Dövlət Universitetinin hüquq fakültəsində almışam.

Özünüzsə Milli Məclisdə sektor müdiri işləmisiz. 34 yaş üçün böyük vəzifə sayılır. Müsabiqədən keçmisiz, ya tanışlıq, atanızın əlaqələri vasitəsilə işə düzəlmisiz?

– Birincisi, 34 yaş heç də az yaş deyil. İkincisi də, dövlət qulluğuna işə düzələndə müsabiqədən keçilir və mən keçdim. Mən də orda ilk növbədə məsləhətçi vəzifəsinə təyin edildim. Hər 5 ildən bir attestasiya keçirilir. Mən də o attestasiyanı keçdim. 2012-ci ildə iqtisadi qanunvericilik şöbəsində mülki hüquq üzrə qanunvericilik sektorun müdiri olmuşam.

-Amma indi işdən çıxarılmısız…

– Bəli.

Hadisələrdən dərhal sonra, ya necə?

– (Gülür). Hə, bu, bir qədər qarışıq məsələ oldu. Mən artıq dövlət işindən özüm çıxmaq istəyirdim ki, biznes və sahibkarlıqla məşğul olum. 2015-ci ilin may ayı idi. Şifahi də bildirmişdim işdən çıxmaq istədiyimi. Sonradan yazılı ərizəmi də yazmışdım.

O zaman MTN olayları baş verməmişdi…

– Xeyr, may ayı idi hələ. Həmin vaxt həm evdən, həm də işdən mənim bu qərarıma etiraz etdilər. Atam da istəmirdi mənim işdən çıxmağımı. İşdə də razı deyildilər deyə ərizəm baxılmamış qaldı. 2015-ci il oktyabrın 20-21-i idi, dəqiq xatırlamıram, Eldar Mahmudov artıq vəzifəsindən çıxarılmışdı. Amma atam hələ işində qalırdı, 6-cı baş idarənin rəisi idi. Mənə Kadrlar Şöbəsinin rəisi zəng vurub görüşə çağırdı. Dedi ki, sizin ərizəyə artıq baxıldı, işdən çıxmaq istəyirsizsə, çıxa bilərsiz. Mənim özüm də çıxmaq istəyirdim, düzdür. Amma həmin anda olması mənə də təsir elədi. Sonucda öz ərizəmlə işdən çıxmış sayılıram. İşdən çıxarılanda atam vəzifədə ola-ola heç bir özünə hörmət edən telekanal etmədiyi hərəkəti ANS sensasiyalı xəbər etdi. \”Ruslan Çovdarov işdən qovuldu\”, \”Akif Çovdarov həbs edildi\”. Halbuki atam ondan sonra bir ay vəzifəsində qaldı. Ruslan Çovdarov nazir idimi və yaxud nə böyük vəzifəsi var idi ki, işdən çıxarılmağım ANS üçün bu qədər maraqlı mövzu olsun. ANS kanalında Akif Çovdarovla bağlı verilişə qədər belə hazırladılar. Hətta evinin qapısına qədər müxbirlərini göndərdilər. Niyə məhz Çovdarov? ANS-in bizim ailəyə vurduğu mənəvi ziyanı Allah bağışlamadı və nəticəsinin nə olduğuna da hamı şahid oldu.

Bəs işdən çıxarılandan sonra nə işlə məşğulsuz?

– Heç nə. Mən faktiki bir ildir ki, işsizəm.

Necə və nəylə dolanırsız?

\”ANS-in bizim ailəyə vurduğu mənəvi ziyanı Allah bağışlamadı və nəticəsinin nə olduğuna da hamı şahid oldu\”

-Allaha şükür, birtəhər dolanırıq. Acımızdan ölmürük. İndi mənim də, ailəmizin də bir nömrəli qayğısı atamdır. Mənim yeni iş görməyə nə maddi imkanım var, nə də fiziki. Atam türmədədir, ailədən türmədə birinin olması isə ciddi qayğılar deməkdir. Dövlət işində işləmək isə… (gülür) Artıq mümkün deyil.

Evin tək oğlusuz. Amma ailə üzvlərinizin adı bu yaxınlarda mətbuatda daha çox hallandı. Daha çox əmlak siyahısı yayımlananda. Məlum oldu ki, bazarın yarı hissəsi bacınızın adına idi. Başqa əmlaklar ananızın, sizin adınıza olub və sair. Bu qədər əmlakı atanız ailə üzvləri arasında bölüb?

– Xeyr. Tamamən yanlış informasiyadır. Öncə qafqazinfo.az saytında belə xəbər çıxdı ki, Akif Çovdarovun 26 milyonluq əmlakı var. Bir həftə üstündən keçəndən sonra ya lent.az, ya da APA-da belə xəbər yayıldı ki, Akif Çovdarovun 33 milyonluq əmlakı var. Mən dost-tanış arasında dedim ki, tələsməyin, gələn həftə 40, ondan sonrakı həftə 50, sonra 60 milyona qaldıracaqlar bunu… Artıra-artıra 100 milyona qədər çatdıracaqlar. Siz özünüz də bilirsiz ki, yazını maraqlı etmək, oxutmaq üçün belə şişirtmələrə yol verir həmkarlarınız. Qaldı ki, əmlaklara, atamla mən eyni evdə yaşayırıq. Bizim bir evimiz var, içində yaşadığımız. Bir də dövlət tərəfindən verilən yeni tikilidə bir mənzilimiz var. Bir də bağımız var. Olan əmlakımız budur. Mənim iki bacım var, hər biri ailəlidir, ayrı-ayrı ailələr sayılırlar. Yeznəmin biri uzun müddət Rusiyada işləmiş iş adamıdır. Bayaq da sual verirsiz ki, nəylə dolanırsız? Təbii ki, bu günə qədər görülən işlərlə, bizneslə. Yeznəm orada atamla birgə taxta-şalban biznesində olub. O biri yeznəm də Gürcüstanda tanınmış, imkanlı, ziyalı ailədəndir. Əmircanov nəslindəndir.

Əsas sual da odur ki, general maaşı ilə onun əldə etdiklərini qazanmaq mümkün deyildi…

– Bəli, bunu tez-tez deyirlər. Sırf bizneslə məşğul olmasının nəticəsidir onun əldə etdikləri. Mən dəfələrlə demişəm və yenə də deyirəm ki, 1996-97-ci illərdə sərəncama götürülmüşdü. O zaman Daxili İşlər Nazirliyində narkobizneslə mübarizə baş idarəsinin rəis müavini idi. Müəyyən vaxt işsiz qaldı. Ailə saxlamaq asan məsələ deyil. Həmin vaxt atam özünə Rusiyada taxta-şalban biznesi qurdu. Yeznəm də onda Rusiyada yaşayırdı, bu işi onunla birgə qurdu. Məsələn, kimsə bina tikir. Siz də məndən xahiş edirsiz ki, bəlkə tanış bina tikənin var? Mənim də o insanla tanışlığım varsa, sizi o adamın yanına göndərirəm, siz də gedib o evi alırsınız. Bu gün də mənim başıma iş gəlir, həbs edilirəm, çətinliyə düşürəm. O dost dediyim adam gəlib istintaqa ifadə verir ki, Akif Çovdarov o evi mənim əlimdən alıb. Amma siz özünüz də bilirsiniz ki, o adamların əlində məbləğin tam ödənilməsi barədə qəbzlər var. Əmlakın şişirdilməsi də budur. Həmin ittiham aktının içində olan bütün evlər atamın adına yazılıb. Filan yerdə mənzil, Yasamalda 250 kvadratmetr sahəsi olan 6 mənzil və sair və ilaxır. Bunların hamısı kimlərinsə evidir. Ya da dələduzlardan zərər çəkənlərin, zərər çəkdikləri üçün bu evi qaytaranların evləridir. Hansısa dələduz bir evi iki nəfərə satıb, sonra o adamlar həmin evi qaytarıblar. Bu gün isə həmin işləri Akif Çovdarovun adına yazırlar.

\”Bayaq da sual verirsiz ki, nəylə dolanırsız? Təbii ki, bu günə qədər görülən işlərlə, bizneslə…\”

Yəni, deyirsiz ki, o evlərdən heç bir kirayə əldə etmirsiz, onların sizə aidiyyəti yoxdur?

-Nə kirayə, ay xanım? Mən deyirəm ki, bizim o evlərdən xəbərimiz belə yoxdur.

O zaman ANS sizin evinizin qabağından bir reportaj hazırlamışdı. Siz işdən çıxan vaxt. Badamdardakı üç villanı göstərib demişdilər ki, bunların birində Akif Çovdarovun özü, digər ikisində isə oğlu ilə qızı yaşayır…

– Tamamilə yalandır. Atamla mən bir evdə yaşayırıq. Birində isə iş adamı olan yeznəmgil yaşayır. Qalanları qonşularındır. Yəni bizim Çovdarov ailəsinin bir evi var, qalanı ayrı ailənindi. Onun bizə nə dəxli var?

Əgər dediyiniz kimidirsə, bu evləri, mülkləri sizin atanızın adına yazmaqda, bu cür hallandırmaqda məqsəd nədir ki? Başqa maddə üzrə aça bilməzdilər cinayət işini?

– Məqsəd Akif Çovdarovu cəmiyyətə pis, korrupsioner insan kimi təqdim etməkdir. İctimaiyyət də bunu gözəl anlayır. Bir həftə yazırlar 26 milyonluq əmlakı var, o biri həftə deyirlər, 33 milyonluqdur… Bu, nə dərəcədə inandırıcıdır?

– Hər halda, bu informasiyanın mənbəyi istintaqdır. İstintaq bunu niyə etsin?

– Bəlkə istintaqdır, bəlkə də qəzetlər bir-birindən köçürə-köçürə yalanı yayırlar, bilmək olmur ki? Olanın da üstünü artırırlar, şişirdib yayırlar. Nə var, nə var, iki nəfər daha artıq adam oxusun bunların yazısını…

– Kürdəmirdəki balıq təsərrüfatından da danışaq. Siyahıda onun da adı var…

– Ora mənim atamın yaxın dostunundur. Mən də istintaqda ifadəmdə də vermişəm ki, iş başlayanda mən də ona qoşulmuşdum. Sənədləşmə işlərinə də səhv etmirəmsə, 10-15 min manat xərcim çıxmışdı. Sonradan o yerin yiyəsi – Fəttah müəllim bankdan kredit götürdü, yavaş-yavaş oranı düzəltdi. İndinin özündə də oranı idarə edir və tam mülkiyyət hüququ ondadır. Oradan mənim bir qəpik xeyrim olmayıb və yoxdur. Mən Milli Məclisdə işə düzələndən sonra bu işlərdən uzaqlaşdım. Rəsmi işim oldu…

– Bəs adınıza yaradılan MMC?

– Elə haqqında danışdığım söhbət bu idi də. Balıq təsərrüfatı ilə bağlı yaradılan MMC idi. Sənədləşmədə iştirak etdim, sonra bu işdən kənarlaşdım.

– Kürdəmirdə aldığınız torpaq sahələri barədə iddialar da var. Hətta yerli əhalini oradan zorla çıxardığınız deyilir. Buna da bir aydınlıq gətirək.

– Balıqçılıq təsərrüfatını bayaq da dediyim kimi, Fəttah Seyidov idarə edir, özü bu səviyyəyə çatdırıb, indi də mülkiyyət hüququ ondadır, o işlədir. Xeyri olur, olmur, özünün işidir. Mənim xeyrim o işdən odur ki, Bakıya gələndə üç balıq gətirər, oturub yeyərik (gülür). Oradakı torpaq sahələrinə gəlincə, məsələn, yazırlar ki, nar bağımız olub, qiyməti də 500 min. Nar bağı sahəsi deyilən ərazi ilə bağlı 2011-ci ildə Fəttah müəllim icarə müqaviləsindən imtina etmişdi, icra hakimiyyəti onu başqa adama icarəyə vermişdi. İndi o adam həmin sahədə nar bağı salıb, ora pul qoyub, pul götürüb, öz işidir. Onu da bizim adımıza yazırlar. Başqa torpaq sahələri də onun kimi. Araşdırsaz, görərsiz ki, həmin torpaq sahələrinin müqaviləsinə 2011-ci ildən xitam verilib və başqa adamların adına keçirilib.

– Ruslan bəy, sizinlə bağlı yayılan informasiyalardan biri də odur ki, siz atanızın işlərində birbaşa iştirakçı olmusuz. Bəzən informasiya yığmaqda, bəzən vasitəçilik etməkdə, bəzənsə…

\”Görüşə gedəndə balaca oğlumu da özümlə apardım ki, şüşədən də olsa, görsün heç olmasa. Atam o qədər darıxırdı ki, nəvəsindən ötrü. Çox ailəcanlıdır atam\”

– Tamamilə yalan informasiyadır. Heç vaxt atamın işinə qarışmamışam. Heç atam da həyatı boyu gəlib evdə işindən danışmayıb. Özünüz də bilirsiz ki, atamın işi xüsusi xidmət orqanında olub. Özü də işində güclü mütəxəssis, əməliyyatçı olduğu üçün heç vaxt işi barədə evdə danışmazdı. Bilirdi ki, bunu danışmaq olmaz. Ona görə də nə o danışardı, nə də mən soruşardım. O ki qaldı hansısa işində vasitəçilik etməyə…

– Kəndinizdən hazırlanan reportajları oxuduq. Kənd camaatı iddia edirdi ki, o, elinə-obasına çox yaxşı adam olub, can yandırıb-filan. Bəs evində, ailəsində necə idi? Məsələn, necə ata idi? Necə ər idi?

– Tərifləmək kimi çıxmasın, amma deyəcəm. Çox gözəl ailə başçısıdır. Uşaqlarını, nəvələrini sevən adamdır. Görüşə gedəndə balaca oğlumu da özümlə apardım ki, şüşədən də olsa görsün heç olmasa. O qədər darıxırdı ki, nəvəsindən ötrü. Çox ailəcanlıdır atam.

– Yəqin oğlunuza atanızın adını qoymusuz…

– Yox, öz babamın adını qoymuşam – Temirxan. Elinə-obasına bağlı adamdır. İldə bir dəfə atamın məzuniyyəti olub. Onu da bütün ailə səbirsizliklə gözləyirdi ki, ailəlikcə kəndə gedəcəyik, tətilimizi orada keçirəcəyik.

\”Çovdarov ailəsinin orda bir evi var, qalanın bizə nə aidiyyəti?\”

– Yay istirahətinizi hər zaman kənddə keçirirdiz? Avropada, Türkiyədə yox, kəndinizdə?

– Yayı kəndə gedirdik. İldə bir-iki dəfə Gürcüstanda dincəlmişik. Təbii ki, xaricə də getmişik, başqa ölkələrdə də olmuşuq. Amma Gürcüstan bizim üçün ilk növbədə olub. Bu insan ondan həzz alırdı ki, kəndin çayxanasında otursun, kənd adamları, öz uşaqlıq dostları, ağsaqqallarla söhbət etsin, onların dərd-səri ilə maraqlansın… Adama da o pis təsir edir ki, atamın qorxunc obrazını yaradırlar. O biri tərəfdən heç soruşan olmayıb ki, onun heç müsbət tərəfi yoxdur?

– Kənd camaatı deyirdi ki, atanız heç toyuq başı da kəsməyib. Doğrudanmı belə kövrək olub?

\”Evdə biz onun səsini qaldırdığını eşitməmişik\”

– Əlbəttə. Çox kövrək olub, çox. Tərifləmirəm atamı, tanıyanlar bilir ki, yazılanlar atama uyğun deyil. Mən onun övladıyam, amma sizə deyirəm ki, mənə bir dəfə də olsun əl qaldırmayıb. Halbuki, ata oğulu uşaqlıqda yüngülvari vurar da, cəzalandırar da. Evdə biz onun səsini qaldırdığını eşitməmişik. Çox ciddi adam olub, öz yerində. O, otağa girəndə mən ayağa qalxmışam.

İnterpress.az