İnterpress.az xəbər verir ki, Füzulidəki “Fin şəhərciyi” adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsinə başlanıb.
İstiPress-in Qarabağ bürosunun məlumatına görə 400 ailənin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan qəsəbədə evlər Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin və yerli icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya tərəfindən püşkatma yolu ilə paylanır. Artıq istifadə müddəti keçmiş fin tipli evlərdə məskunlaşan 400 ailə əsasən Füzuli rayonundan olan məcburi köçkünlərdir.
Məcburi köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunan yeni qəsəbədə mənzillərin 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Bütün evlər qaz, su və elektrik enerjisi ilə təchiz olunub. Təbii qazın yeni mənzillərə verilməsi köçürmə tam başa çatdıqdan sonra mümkün olacaq. Qəsəbədə həmçinin 120 yerlik uşaq bağçası və 360 şagirdlik məktəb də də fəaliyyət göstərəcək. Bu günə qədər 200 ailə yeni mənzilə yerləşdirilib. Köçürmənin gələn həfətənin sonuna qədər başa çatması gözlənilir.
İnterpress.az