İnterpress.az xəbər verir ki, ARDNŞ-ın yaydığı rəsmi məlumata görə, güclü külək səbəbindən Sanqaçal terminalda 10 nəfər itkin düşüb və onların tapılması istiqamətində axtarışlar aparılır.
Təəssüf ki, əhali bu üzücü xəbəri ya informasiya agentliklərindən, ya da sosial şəbəkələrdən öyrənə bildi.
Telekanallarımız isə, deyəsən, faciədən hələ xəbər tutmayıb. Bu barədə sosial şəbəkələrdə paylaşılan fotolardan, yazılan şərhlərdən görmək olur.
Sosial şəbəkə istifadəçiləri telekanalların faciəyə qarşı laqeydliynə kəskin reaksiya veriblər. Şəbəkəçilər teleməkanı tənqid edərək, efirdə yayımlanan verilişlərin fotolarını paylaşıblar.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov İstiPress-ə açıqlamasında deyib ki, kanalların efir şəbəkəsində dəyişiklik etməsi müəyyən qədər vaxt tələb edir. Bununla belə, o, bu mövzularda televiziya kanallarına qarşı hər hansı cəza mexanizminin olmadığını bildirib.
\”Biz tövsiyələr veririk, amma proqram siyasətini telekanal rəhbərliyi özü həyata keçirir\”.
Onun sözlərinə görə, daha öncə də belə hallar olub və televiziyalar daima çevik reaksiya veriblər. \”Hesab edirəm ki, televiziyalar öz proqram səbətində dəyişiklik edəcəklər. Məlumat eşidilən kimi müəyyən dəyişikliklər olunur. Televiziyalar bu sahədə öz funksiyasını yerinə yetirə bilirlər\”.
İnterpress.az