Novruz bayramı yaxınlaşdıqca Əfv Komissiyasının iclasları intensiv şəkildə keçirilməyə başlayıb. Ötən ayın ortalarından başlayaraq, demək olar hər gün komissiyanın iclasları keçirilir. Son iclasda 100-dən çox məhbusun müraciətinə baxılıb.
Bu barədə “Yeni Müsavat”a məlumat verən Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev qurumun iclaslarının mütəmadi olaraq keçirildiyini qeyd etdi: “Komissiyaya daxil olan hər bir müraciətə baxılır. Bu günə qədər 800-dən çox müraciət daxil olub. Sonuncu əfv sərəncamı ötən ilin bu ayında imzalanıb. Bir il müddətində əfv sərəncamı olmayıb. Amma bu arada amnistiya aktı qəbul edilib və çoxsaylı məhbus azadlığına qovuşub. Hazırda 3 iclasdan sonra 400-ə yaxın müraciətə baxmışıq. Hər bir müraciət diqqətlə araşdırılır. Katiblik tərəfindən hər bir müraciətlə bağlı arayış hazırlanıb Əfv Komissiyasına təqdim olunur. Açıq müzakirələr keçirilir, səsvermə yolu ilə müvafiq qərar qəbul edilir. Bu proses davam edəcək.
Martın 2-də də Əfv Komissiyasının iclası gözlənilir. Son zamanlar komissiya çox gərgin iş rejimində işləyir. Yəni bütün müraciətlər diqqətlə araşdırılır və müvafiq qərar verilir. Qarşıdan Novruz bayramı gəlir. Belə bir bayramda əvvəlki illərdə gördüyümüz kimi, dövlət başçısı müxtəlif qərarlarla vətəndaşları sevindirib, məhbusların üzərindən mərhəmət hissini əskik etməyib. Bu bayramda da cənab prezident tərəfindən əfv sərəncamı verilə bilər. Əlbəttə, ölkə başçısı sərəncamın veriləcəyi günü müəyyən edir. Hansı şəxslərə sərəncamın şamil olunacağı da cənab prezidentin səlahiyyətinə aid məsələdir. İclasların gedişi, baxılan müraciətlər bunu deməyə əsas verir ki, Novruzda əfv verilə bilər. Əfv Komissiyasının iclasları o zaman bitəcək ki, bütün müraciətlərə baxılsın. İclasların bitmə zamanı müraciətlərə baxılma prosesinin bitməsi ilə bağlıdır. Yəqin ki, bu ayın 10-na qədər iclaslar bitə bilər. Çünki demək olar ki, hər gün iclas olur. Əfvin veriləcəyi günlə bağlı konkret rəqəm deməkdən çəkinirəm. Kimin əfv olunacağı ilə bağlı kimsə fikir deyə bilməz. Son əfvdə kifayət qədər məhbus azadlığa çıxdı. Onların arasında ictimaiyyət daxilində adları müzakirə edilən şəxslər də var idi. Bu bir daha onu göstərir ki, ölkə başçısı hər bir şəxsə münasibətdə diqqətlidir. Hər bir kəsdən qayğısını əsirgəmir”.
İnterpress.az