“18 yaşı tamam olan çağırışçıları birbaşa ön xəttə aparmırlar”backend

“18 yaşı tamam olan çağırışçıları birbaşa ön xəttə aparmırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24-25 fevral tarixində təmas xəttində baş verən qarşıdurma 18 yaşlı çağırışçıların ön xətdə xidmət etməsinin nə dərəcədə doğru olması ilə bağlı ənənəvi problemin yenidən aktuallaşmasına səbəb olub. Bəzi ekspert və siyasilər hesab edir ki, ön xətdə həm yaş, həm də döyüş təcrübəsinə görə daha yetkin şəxslər cəmləşdirilməli, 18 yaşlı çağırışçılar arxa hərbi hissələrdə qulluq etməlidir.
İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Azərbaycan ordusunda müqavilə əsasında xidmət göstərən hərbçilərin də sayının kifayət qədər çox olduğunu, habelə, 18 yaşı tamam olan şəxslərin yalnız 3-6 aylıq təlimlərdən sonra ön xətdə yerləşdirildiyinə diqqət çəkdi:
“Bizdə çağırışçılarla yanaşı, müqavilə əsasında xidmət göstərən hərbçilər də mövcuddur. Bildiyiniz kimi, Azərbaycan ordusu ən yeni texnika ilə təmin olunub. Bu sistemləri yalnız həqiqi hərbi xidmət müddətində öyrənmək kifayət deyil. Və ya çağırışçı bu sistemi öyrənib bitirəndən qısa müddət sonra onun tərxis olunmaq vaxtı da çatır. Odur ki, bu cür texnikanın idarə olunması üçün uzunmüddətli müqavilə əsasında fəaliyyət göstərən şəxslərə ehtiyac var. Orduda bir sıra strukturlar var ki, bu strukturlarda kifayət qədər təcrübəsi olan şəxslər fəaliyyət göstərməlidir.
Bir məsələni də qeyd edim ki, yaşın qeyd etdiyim strukturlarda xidmət göstərmək üçün özlüyündə elə bir əhəmiyyəti yoxdur. Önəmli olan bu şəxslərin hərbi işə həsəvsli olmasıdır.
Bildiyiniz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində psixoloqlar da çalışır. Psixoloq bu məsələlərə diqqət yetirməlidir. Ola bilsin ki, şəxsin 30 yaşı var, amma o, xidmət üçün elə də perspektiv vəd etməsin. Elə adam ola bilər ki, onun 18 və ya daha az yaşı olsun, ordu üçün lazımi tələblərə cavab versin. Həm cəsarət, həm psixoloji hazırlıq səviyyəsi, həm fiziki göstəriciləri etibari ilə hərbə daha çox yarasın. Bunların hamısı ölçülüb biçilməlidir. Ön xətdə həm təcrübəsi, həm də xüsusi həvəs və səriştəsi olan şəxslər də xidmət göstərə bilər.
Bunu da qeyd edim ki, 18 yaşı tamam olan şəxsi birbaşa ön xəttə aparmırlar. Bu şəxslər 3-6 ay ərzində müxtəlif sahələri öyrənirlər. Artıq ön xəttə gedəndə onların azı 6 aylıq təcrübəsi olur. Hərbçilər növbəlilik qaydasında ön xətdə xidmət aparılar. Bu, olduqca vacibdir. Biz deyə bilmərik ki, hökmən müqavilə ilə xidmət edən hərbçilər ön xətdə dursun, qalanları arxa cəbhədə. Sabah müharibə başlayanda, bunların heç birinin əhəmiyyəti olmayacaq. Hamı ön xəttə cəlb olunacaq. Odur ki, psixoloji və praktiki baxımdan bütün hərbçilərin döyüşə hazır olması üçün ön xətdə bu cür növbəlilik tətbiq olunur”.

İnterpress.az