Bəzi məlumatlara görə 2011 və 2014-cü illərdə Almaniyada təbliğat mitinqləri keçirmiş Ərdoğan bu il də burada aprel referendumundan əvvəl mitinq keçirməyi planlaşdırır. Aprel ayında Türkiyədə keçiriləcək referendum Ərdoğana prezident kimi məhdudiyyətsiz səlahiyyətlər verə bilər və Almaniyadakı türklərin səsləri bu mənada rəmzi məna daşıyır.
Die Welt qəzetinin müxbiri Deniz Yücel ötən ay Türkiyədə həbsxanaya salınmış ilk alman jurnalist olduqdan sonra Merkel hökuməti Almaniya partiyalarının güclü təzyiqi altındadır. Hakim koalisiya və müxalifət xanım Merkeli Ərdoğanı ölkəyə buraxmamağa çağırır.
Şimali Reyn-Vestfaliya regionunun daxili işlər naziri və hakim koalisiyaya daxil olan sosialist partiyasının üzvü Ralf Jäger deyib ki, onun nazir olduğu torpaqda Erdoğan mitinqləri keçirilməməlidir. Bavariya xristian sosialistlərindən Stefan Mayer isə bildirib ki, alman jurnalisti həbsə atan adamın Almaniyada yürüş keçirməyə mənəvi haqqı yoxdur.
Almaniyanın kürd əsilli millət vəkili Sevim Dağdelen deyib ki, öz ölkəsində demokratiyanı ləğv etmiş Ərdoğanı Almaniya torpağına buraxmamaq Merkelin siyasi vəzifəsidir.
Avstriya artıq bundan əvvəl Ərdoğanın buradakı türk diasporası arasında təbliğat aparmasına qadağan qoyub.
Lakin kanslerin sözçüsü bildirib ki, Erdoğana qadağan qoyulması yanlış mesaj verə bilərdi.
Steffen Seibert deyib ki, Almaniya hökuməti hazırda Türkiyədə demokratiyaya qeyri-məqbul miqyasda hüdud qoyulması faktını tənqid edir, \”lakin biz elə həmin demokratiyanı öz ölkəmizdə məhdudlaşdıra bilmərik\”.
Lakin sosial demokratların xarici işlər üzrə sözçüsü Niels Annen hökumətin qadağan qərarını istisna etməsini təqdir etsə də, bildirib ki, Türkiyə ilə Avropa İttifaqı arasında miqrant sazişinin təşəbbüsçüsü olan Merkel innən belə Türkiyədə demokratiyanın vəkilliyini edə bilməz.
\”The Guardian\” yazır ki, Almaniyada yaşayan 1, 4 milyon türkün Türkiyə səsvermələrində iştirak etmək hüququ var və onların səsləri Ərdoğanın partiyası üçün simvolik məna daşıyır.
Londondakı Kings College Universitetinin eksperti Alexander Clarkson deyib ki, Almaniyada yaşayan türklərin cəmi 40 faizi seçkidə iştirak edib və onlardan da 60 faizi Ərdoğana səs verib.
Alimin sözlərinə görə Almaniyadakı türklərin böyük əksəriyyətini Türkiyə siyasəti qətiyyən maraqlandırmır. (bbc)
İnterpress.az