İnterpress.az xəbər verir ki, cəbhədə baş verən son hadisələr, əsgərlərimizin hansı şəraitdə həlak olması, ermənilərin itkilərini hansı yollarla gizlətməsi barədə hərbi ekspert Tərlan Eyvazov \”Ölkə.Az\”-a danışıb:
\”Əsgərlərimizin şəhid olduğu yer həmin istiqamətdir ki, aprel döyüşləri zamanı orada çox uğurlu döyüş əməliyyatı aparılıb. Buna görə də, hərbçilərimizi hər hansısa qeyri-peşəkarlıqda qınamaq düzgün deyil. Aprel döyüşlərindən sonra bir qrup veteranla şəhid olmuş hərbçilərimizin xidmət etdiyi hərbi hissədə olmuşduq. 3 gün ərzində həmin hərbi hissədə, əsgərlərlə, zabitlərlər görüşlər aparıb, ön cəbhəyə baş çəkdik. Hərbi hissənin təminatı, təchizatı, zabitlərin peşəkarlığı doğrudan da bizi heyran etmişdi. Həmin hərbi hissədə olarkən şəhid olmuş kəşfiyyat rəisimiz Aqşin Abdullayev və kəşfiyyat bölük komandiri ilə də söhbət etmək şansımız olmuşdu. O insanlar öz işlərinin peşəkarlarıdır\”.
Tərlan Eyvazov cəmiyyətin hərbi ekspertləri, hərb sahəsindən yazan jurnalistlərin baş verən son hadisələrə fikir bildirməməsinə görə tənqidinə gəldikdə isə bildirdi ki, bunun səbəbi mövcud qanunvericiliyə görədir. Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan hər hansısa bir açıqlama vermək qanuna zidd sayılır və buna görə məsuliyyət daşınır:
\”Ona görə də, rəsmi məlumat olmadan hər hansısa bir açıqlama vermək doğru olmazdı. Həm də ona görə doğru olmazdı ki, şəhidlərimizin meyitləri döyüş meydanında qalmışdı. Bütün bu keçən vaxt ərzində alınan məlumatları analiz edərkən orada nələrin baş verdiyini anlaya bilirik.
Birinci növbədə orduya yönələn iradlar haqsız və yersizdir. Ən əsası ona görə ki, cəbhənin müxtəlif cinahlarında aparılan tədbirlər nəticəsində həqiqətən də düşmən tərəfinin verdiyi itkilər bizim verdiymiz itkilərdən qat-qat çox olub. Bəzi adlarını ekspert qoyub, cəbhədə olmayanları bildi-bilmədi şərh edənlər deyirlər ki, düşmən 50-dən çox itki verib. Məsələnin mahiyyətinə varanda məlum olur ki, cəbhənin Ağdam tərəfində düşmənin ön və arxa tərəfindəki iki mövqeyi məhv edilib. Bunu sonradan bizim Müdafiə Nazirliyi də təsdiq etdi. Həmin mövqelərdə qulluq edən erməni əsgərlərinin sayını hesablayanda aydın olur ki, düşmənin itkiləri çox olub\”.
Düşmən itki verdiyi halda onların sayını az göstərməsi və yaxud heç göstərməməsi məsələsinə gəldikdə isə hərbi ekspert bunları dedi:
\”Birinci Qarabağ müharibəsindən üzü bəri düşmən həmişə bu taktikaya əl atıb, itkilərini tamamən gizlədib, sonra isə bu itkiləri yavaş-yavaş üzə çıxardıb. Bunun da səbəbi ondan ibarətdir ki, Azərbaycan tərəfi hərbiyə çağırılanlar, şəhid olanlarla bağlı rəsmi məlumat verir. Dövlət bunu etməlidir və edir də. Ermənistanda isə 3 qrup döyüşçü var. Birinci qrupa Ermənistan tərəfindən rəsmən orduya çağırılan əsgərlər və zabitlər aiddir. İkinci qrup döyüşçülər isə muzdlulardır ki, onlar Ermənistanın özündən və digər yerlərdən gəlirlər. Üçüncü qrup isə Dağlıq Qarabağın ərazisində yaşayan 50 yaşa qədər olan insanlardır. Dağlıq Qarabağ qondarma bir respublika olduğu və heç bir dövlət tərəfindən tanınmadığı üçün onların rəsmi bir məlumat verməsi absurddur. Buna görə də, itkilər gizlədilir. Muzdluların ölməyi də ermənilər tərəfindən gizlədilir. Rəsmi qeydiyyata alınmır. Rəsmi məlumatlar isə ancaq Ermənistandan olan çağırışçılar barədə olur, bu da erməni ictimaiyyətinin təzyiqindən sonra baş verir\”.
Nərgiztəpə ətrafında baş verən hadisəyə gəldikdə isə Tərlan Eyvazov qeyd etdi ki, rəsmi məlumatlara əsaslansaq, əsgərlərimiz \”neytral\” ərazidə həlak olublar:
\”Hərbçilərimiz \”neytral\” ərazidə minaya düşməyiblər, nə pulemyot, nə də minatanlardan atəş nəticəsində şəhid olmayıblar. Hərbçilərimiz yalnız snayperdən açılan atəş nəticəsində şəhid olublar. Bəziləri deyir ki, hərbçilərimiz peşəkar olsaydılar, bu dərəcə asanlıqla şəhid olmazdılar. Bu belə deyil. Başqa yerlərə nisbətən Nərgiztəpə istiqamətində olan \”neytral\” ərazi daha genişdir. Ərazi geniş olduğuna görə, bu işlə məşğul olan hərbi qulluqçularımız əraziyə baxış aparırlar. Bunu etməlidirlər. Bu gün evində, klaviatura arxasında, bazarda alış verişdə olan, varlı, kasıb adamlar hamısı o işi görən insanlara borcludurlar. O şəhidlərimiz orada xidmət aparırdılar ki, düşmən tərəfindən hər hansısa bir qrup bizim tərəfə keçməsin. Müşahidələr gecə gündüz hər gün aparılır. Ancaq həmin yerləri yoxlamaq vacibdir və bu olub, olacaq da. Ordumuz heç vaxt o şəhidlərin qisasını yerdə qoymayacaqdı və hal-hazırda Müdafiə Nazirliyinin mətbuat xidməti videogörüntü ilə düşmənin qərargahını vurduğumuzu yayımladı. Bu isə düşmənin kifayət qədər itki verməsi deməkdir. Qərargahın vurulması ermənilərin yüksək rütbəli zabitlərinin də məhv edildiyini göstərir\”.
İnterpress.az