Quru meyvə alarkən diqqətli olun!backend

Quru meyvə alarkən diqqətli olun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quru meyvələrin tərkibində B vitaminləri qrupu, dəmir, natrium, kalium, maqnezium, pektin, yod və sair zəruri maddələr saxlanılır və onların təbii balansı pozulmur. Hazırda ticarət şəbəkəsində ən müxtəlif çeşiddə, növdə və keyfiyyətdə quru meyvələr təklif olunur. İstehlakçı olaraq yalnız doğru seçim meyarlarını bildiyiniz təqdirdə, həm dadlı, həm də faydalı məhsul əldə etdiyinizə əmin ola bilərsiniz.

Meyvələrin qurutma üsulu ilə konservləşdirilməsi onların tərkibindəki suyun miqdarının azaldılmasına əsaslanır. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, meyvələr qurudulduqda onların tərkibində nəmlik 18-25%-ə qədər azalır. Məhsulun tərkibində su az olduqda mikroorqanizmlər zəif inkişaf edir və ya inkişafdan qalır ki, bu da onun uzun müddət saxlanılmasına şərait yaradır.

Meyvələr 3 üsulla: günəşdə, kölgədə, temperatur və kimyəvi emal yolu ilə qurudulur. Qeyd olunan üsulların hər birinin öz üstünlüyü və çatışmayan cəhəti vardır. Günəşdə meyvələr tez quruyur. Bu qurutma üsulu ekoloji cəhətdən təhlükəsizdir və meyvənin bütün faydalı xüsusiyyətlərinin qorunub saxlanılmasına imkan verir. Lakin bu üsulla qurudulmuş meyvələr bir qədər sərt olur. Kölgədə qurudulmuş meyvələr ekoloji cəhətdən təhlükəsiz, vitamin və mikroelementlərlə çox zəngin və şirəli olur. Lakin meyvələrin kölgədə qurudulması uzun zaman tələb edir. Kimyəvi üsullarla emal edilmiş meyvələr isə uzun müddət saxlanılır, zərərvericilər tərəfindən zədələnmir, cəlbedici əmtəə görünüşünə və parlaq rəngə malik olurlar.

Normativ-texniki sənədlərin tələblərinə əsasən quru meyvələrin qablaşdırması üzərində istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, növü, çəkisi, istehsal tarixi, yararlılıq müddəti, enerji dəyəri və texniki sənədləşdirmənin nömrəsi barədə məlumatlar qeyd edilməlidir. Eyni zamanda qablaşdırmada məhsulların emalının xüsusi üsulları, qablaşdırma tarixi, saxlanma şərtləri və sair məlumatlar olmalıdır.

Quru meyvələrin keyfiyyəti barədə ilk öncə onların xarici görünüşü xəbər verir. Keyfiyyətli quru meyvələr bütöv olmalı, üzərində çatlar olmamalı, ziyanvericilərin təsirinə məruz qalmamalıdır. Keyfiyyətli quru meyvər bərk deyil, elastik olmalıdır. Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir və bu hal məhsulun keyfiyyətini aşağı salır. Üzərində spirt qıcqırması və kif əlamətləri olan quru meyvələrin istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir.

Quru meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır. Düzgün texnologiya ilə hazırlanmış quru meyvələr yüngül və təbii, meyvəyə xas olan qoxuya malik olmalıdır. Əgər açıq aşkar məhsul üçün spesifik olmayan qoxu hiss edirsinizsə bu məhsulun keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli olduğunu göstərir.

Quru meyvə alarkən məhsulun xarici görünüşünün gözəlliyinə və parlaqlığına görə seçim etmək doğru deyil. Çünki meyvələr bir qayda olaraq qurudulduqdan sonra öz parlaqlığını və əvvəlki rəngini itirirlər. Bu səbəbdən satışda qeyri-təbii rəngə və parlaqlığa malik quru meyvələr gördükdə bu məhsulların kimyəvi maddələrlə emal edildiyini bilməlisiniz. Əksər hallarda bu məqsədlə sorbin turşusu, kükürd dioksid və sulfitlər istifadə edilir. Bu əlavələr quru meyvələrin xarici görünüşünü yaxşılaşdırır, rənglərini cəlbedici, parlaq edir və konservant funksiyasını daşıyırlar.

Quru meyvələrin uzun müddət saxlanılmasına təsir göstərən əsas amillər havanın rütubətliliyi, yüksək temperatur və məhsulun günəş şüaları ilə birbaşa təmasıdır. Quru meyvələr 5-20C-də, nisbi rütubətliliyin 70%-dən az olduğu şəraitdə, kölgədə saxlanılmalıdırlar. Bu məhsulların saxlama müddəti əsasən 6-12 ay təşkil edir.

Bu məhsulların istifadəsi zamanı da ehtiyyatlı olmaq lazımdır. Belə ki, hətta ideal təmiz görünən quru meyvələr belə istehlak edilməmişdən əvvəl yaxşıca yuyulmalıdır. Bu zaman onlar nəinki toz və çirkdən, həmçinin kimyəvi reagentlərdən təmizlənmiş olacaqdır. Quru meyvələri 20 dəqiqəyədək ilıq suda saxlamaq onların kimyəvi maddələrdən qismən təmizlənməsinə kömək edəcəkdir.

Bu meyvələri alarkən diqqətli olun. Nəzərə alın ki, quru meyvə satışını həyata keçirən obyektlər texniki normalara uyğun lazımi mexaniki vasitələrlə və intentarlarla təmin edilmiş olmalıdır. Piştaxtada, şüşə rəflərdə və vitrində malın adı, növü, ədədlə və ya çəki ilə satış qiyməti göstərilməlidir. Yuxarıda sadalanan qaydaların və şərtlərin pozulması halları ilə rastlaşsanız aidiyyəti üzrə müraciət edin və istehlakçı hüquqlarınızın təmin olunmasını tələb edin.

Quru meyvə alarkən diqqətli olun!

Quru meyvə alarkən diqqətli olun!

Quru meyvə alarkən diqqətli olun!

Quru meyvə alarkən diqqətli olun!

İnterpress.az