İnterpress.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə “Şah İsmayılın damarında xristian qanı axırdı” fikirlərinə aydınlıq gətirərkən deyib.
O, bildirib ki, dediyi fikirlərə görə indi də peşman deyil və bu ətrafda açılan müzakiərlərdən, qalmaqaldan narahat deyil.
“Müsahibədə Azərbaycanı aşağılamamışam. Məni yanlış anlayıblar. Haqqımda yazılanlara görə narahat da deyiləm. Halbuki, dediklərim tarixi faktdır. Şah İsmayılın damarında xristian qanının axması barədə dediyim fikrimdə də qalıram. Haqqımda nə deyirlər desinlər. Hamısına hörmətlə yanaşıram”.
Xatırladaq ki, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə Publika.az-a müsahibəsində bunları deyib:
“Doğrudur, Şah İsmayıl Xətainin Azərbaycan üçün xidmətləri danılmazdır. O, Azərbaycanın üçüncü böyük imperiyasını yaradıb, ana dilimizi dövlət dili edib. Amma eyni zamanda şiəliyi təbliğ edib, dövlət səviyyəsinə qaldırıb. Bunun da səbəbləri var idi. O, xristian dövlətlərin təsiri altında bunu edirdi. Çünki Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı”.
Nizaməddin Şəmsizadənin fikirləri sosial şəbəkələrdə etirazlara səbəb olub.
İnterpress.az