Bu barədə AzNews.az-a açıqlamasında Millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, bu hadisə hardasa nazirliyinin müvafiq strukturlarının boşluqlarının nəticəsində yaranıb: “Qoy onlara dərs olsun. Onlar sürücülərlə danışığa girib nəyinsə müqabilində güzəşt edirlər, özlərini görməməzliyə vururlar. Nəticədə sürücülər pul qazanmaq xatirinə 10 deyil, 15 sərnişin götürür. Bu məsələdə eyni zamanda marşurut xəttinə məsul olan şəxslər də məsuliyyətə cəlb olunmalıdır. Yol Hərəkəti Qaydaları haqqında qanuna dəyişiklik olunub. 15 nəfərdən artıq sərnişin götürən sürücülər üçün kateqoriya var. Onlar üçün ştaj və yaş məhdudiyyəti qoyulub. Araşdırılmalıdır ki, həmin avtobus sürücüsünun sükan arxasında oturmağa yaş səlahiyyəti imkan verir ya yox.”
Millət vəkili baş verən qəzada təkcə sürücünü günahkar saymır: “Çox ağrılı bir bir qəzadır. Mən buna təəssüf edirəm. Avtoqəza hadisəsi iki halda baş verir. Birincisi özünəgüvənmə, ikincisi ehtiyatsızlıq… Onlar 15 nəfərin yerinə 25 sərnişin daşıyırlar. Bunun özü isə ağır cinayət hadisəsidir. Yol hərəkət qaydalarının pozulması, lazım olduğundan artıq sərnişin daşınması xüsusi cəzalandırılmalı məsələlərdir.”
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 5 nəfər tələbə ölüb, 17 nəfər yaralanıb.
İnterpress.az