İnterpress.az xəbər verir ki, bu fikirləri hazırda Türkiyədə yaşayan və çalışan tanınmış bəstəkar Cavanşir Quliyev Moderator.az-a açıqlamasında bəzi ziyalılarımızın türk kimliyimizi danmasına münasibət bildirərkən deyib.
Cavanşir Quliyev sonra bu antittürk təbliğatı aparanların gerçək məqsədini açıqlayıb:
“Mənə elə gəlir ki, bütün bunlar cəmiyyətin fikrini ağırlaşan həyat şərtlərindən yayındırmaq məqsədilə bilərəkdən təşkil edilir. Bir müddət öncə eyniylə dövlət himnini şübhəyə alan yazılar və müsahibələr yayınlandı, indi də bu… Sonra nə olacaq?…
Gülməlisi də odur ki, millətim mənşəyi haqda etnoqraflar, dilçilər, tarixçilər yox – keçmiş kommunist məmuru, yaşlı bir riyaziyyatçı, nə bilim millətin seçmədiyi, lakin millət vəkili adlanan şəxslər ağıllı-ağıllı fikir yürüdürlər. Yürütdükləri fikir də heç bir məntiqə və tarixi gerçəkliyə əsaslanmır, sadəcə, “mən belə istəyirəm” prinsipinə söykənir. Bu çox gülməlidir…”
Bəstəkar onu da qeyd edib ki, Azərbaycan xalqının çox hissəsi özünü türk millət hesab edir:
“Cənablar, bu millətin adını, mənşəyinı, tarixini neçə dəfə dəyişdirilər? Heç bir təyziq və hökm millətin mənsubiyyətini dəyişə bilmədi. Bu gün yenə də Azərbaycan xalqının demək olar ki, bütünü özünü türk mənşəli bir millət hesab edir. Sizin də gücünüz yetməyəcək – millətin tarixi, mədəniyyəti, dili sizə bu imkanı verməyəcək.
Azərbaycan xalqı türk mənşəli xalqdır! Milləti millət edən onun dili və mədəniyyətidir, kiminsə istəyi yox – yəni siz bu sadə düsturu da anlamırsınız? Dilimizinsə türk dilinin bir şivəsi olduğunun ( mən buna Azərbaycan türkcəsi deyirəm) heç isbata da ehtiyacı yoxdur – bunu, guman edirəm ki, hətta, siz belə inkar etməyəcəksiniz. Bir tək “Dədə Qorqudu” orijinalda oxusanız, məncə, sizə hər şey aydın olar – əminəm ki “Dədə Qorqudun” xalqımızın qədim mədəniyyət abidəsi və ən möhtəşəm dastanı dastanı olduğunu inkar etmirsiniz! Azərbaycan xalqının mədəniyyəti isə tarixən türk mənşəli olub (aşıq sənəti, xalq folkloru, dastanlar və s.), inkişaf yolunda isə ətrafdaki bir çox dəyərli mədəniyyıət ünsürlərini mənimsəyib və inkişaf etdirib (muğamat, simfonik musiqi və s.). Mənim bu kiçik yazıda mədəniyyətimizin tarixindən bəhs etməyə nə zamanım var, nə də niyyətim – istəyənlər rahatlıqla bu mövzunu araşdıra bilərlər – bu haqda çox sayda elmi əsərlər mövcuddur”.
C.Quliyev sonda “Son olaraq bu avantüristlərə nə deyərdiniz?” sualımızı cavablandırıb:
“Sonunda isə özünü millət vəkili hesab edənlərə, türklər demişkən, “bir çift sözüm var”- lütfən, mənim adımdan danışmayın, özəlliklə, milli məsələlərlə bağlı. Mən sizə bu izni verməmişəm, “biz, bizim” kəlmələrini yalnız ailəniz üçün işlədə bilərsiniz. Səbəbi də budur: sizin həqiqətən xalq tərəfindən Məclisə seçilməyinizə dərin şübhəm var”.
İnterpress.az