“Avropanın siyasi dirənişi artır”backend

“Avropanın siyasi dirənişi artır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri BakiPost.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun fikrincə, Qərb Ərdoğan hakimiyyətini qəbul etməmək, onu siyasi iqtisadi təzyiqlərə məruz qoymaq, bununla türk xalqının narazı hissəsini hakim partiyanın üzərinə qaldırmaq və referendum prosesinin uğurlu alınmağının qarşısını kəsmək üçün bu cür addımla əl atır: \”Türkiyədə son illər ərzində baş verən siyasi dəyişikliklər Avropa Birliyinə daxil olan ölkələr tərəfindən birmənalı qarşılanmır. Yəni söhbət burada ilk növbədə konstitusiya dəyişikliyindən, həmçinin dövlət idarəetmə sisteminin köklü şəkildə yenilənməsindən gedir. Xüsusilə də uzun illər ərzində Türkiyəni daxildən idarə edən və xalqın iradəsini üstələmiş qüvvələr birdən-birə Türkiyəyə təsir imkanlarını itirirlər və bu, özü-özlüyündə xarici məkanda qəzəb doğurur. Avropada Türkiyə əleyhinə siyasi dirəniş artır. İqtidarlı və müxalifətli əksər qüvvələr bu məsələdə qərblə yekdirlər. Onların hamısı Türkiyənin beynəlxalq rolunun azaldılması, müstəqil siyasət yürütməsindən çox narahatdırlar.

Ötən ilin iyulun 15-16-da olan məlum çevriliş cəhdində əslində, qərb açıq rol oynayırdı. Şübhə doğurmur ki, hərbi qüvvələr hər zaman Avroatlantik məkanın əsas siyasi dairələri ilə bağlı olurdular. Onlar son həmləni Fətullah Gülənin müdafiəçilərinin qismində həyata keçirmək istədilər. Amma çevriliş uğursuz olunca Ərdoğan onları daxildə böyük uğursuzluğa düçar etdi. Təbii ki, yeganə yol kimi Avropa məkanından Ərdoğan əleyhinə siyasi prosesləri körükləmək, onları inkişaf etdirmək qalırdı.

İndi isə 16 aprel referendumu qarşısında Türkiyə içərisindəki mübarizə heç şübhəsiz ki, ölkənin xaricinə çıxır. \”Hə” və \”yox” deyənlər mübarizəsi sınırları aşıb. Belə olan təqdirdə Qərb iki açıq siyasətini kəskin bir şəkildə ortaya qoyur.

Birincisi, Türkiyə əleyhinə terror qüvvələri himayə olunur və bu artıq gizlədilmir; dünənə qədər türk yaraqlılarının müdafiəçiləri əgər, gizli adlar altında fəaliyyət göstərirdilərsə, indi hansısa üçüncü sektor nümayəndələri, qeyri-hökumət təşkilatları, \”sendikalar” deyilən o qüvvələr artıq heç bir diplomatik siyasi örtük taxmadan Avropa məkanında istənilən paytaxtda – Berlindən Brüsselə qədər geniş bir zolaqda fəaliyyət aparırlar.

İkincisi, Türkiyədəki bu addımlara qarşı Ərdoğanın, ümumiyyətlə, onun hakimiyyətini qəbul etməmək, onu siyasi, iqtisadi təzyiqlərə məruz qoymaq, bununla türk xalqının narazı hissəsini hakim partiyanın üzərinə qaldırmaq və referendum prosesinin uğurlu alınmağının qarşısını kəsmək üçün hərəkətə keçiblər.
Yəni nazirin bütün diplomatik etiketləri və qaydaları pozaraq, konsulluq ərazisinə buraxılmaması, Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi məsələnin görüntü hissəsidir. Hansısa planda dediyimiz köklü strategiya dayanır”.

“Avropanın siyasi dirənişi artır”

Deputat qeyd edib ki, Avropa Birliyi tərəfindən bundan sonrakı dövrdə Türkiyə əleyhinə təzyiqlər dərinləşəcək: \”Bu konfliktlərlə rəsmi Ankaraya xəbərdarlıq edirlər ki, sizin Qərblə münasibətləriniz bundan sonrakı dövrdə pisləşə bilər. Açığı avropalıların əlində təsir imkanları böyükdür. Çünki Almaniya Türkiyənin xarici ticarət dövriyyəsində birinci yeri tutur. Hollandiya ilə də yaxşı əlaqələri var. Belə olduğu təqdirdə Türkiyə özü-özünü bütövlükdə bu məkandan Asiya və Afrika qitəsinə çevirə bilməz. Qabaqcıl inkişaf etmiş Avropanı, xüsusilə də NATO-da vahid çətir altında olduqlarına rəğmən hərbi cəhətdən Qərbi Türkiyə üçün əvəz eləmək mümkün deyil.

Şübhə eləmirəm ki, rəsmi Ankaranın da müəyyən təsir silahları işə düşəcək. Beləliklə də qarşıdakı dönəm də bu gərginlik artacaq”.

Zahid Oruc hesab edir ki, bundan sonra Ərdoğanın liderlik rolunu tanımayan, ona qarşı fəaliyyətini kəskinləşdirən dairələr çoxalacaq: \”Əlbəttə ki, biz bunu qətiyyətlə arzulamırıq. Azərbaycan Hollandiyanın siyasi dairələrinin iqtidarlı, müxalifətli, yəni həm hökumət təmsilçilərinin, həm də hazırda seçkiyə qatılan millətçi dairələrin bu son hadisələrdən öz maraqları üçün ikiqat istifadə etmələrini qəti şəkildə pisləyir. Lakin bununla bərabər Türkiyəni bu konfliktlərə sürükləməyi heç də arzulan hal kimi dəyərləndirmirik. Yəni qardaş ölkənin beynəlxalq münasibətlər sistemində xüsusi roluna rəğmən onu daha çox bu addımları ilə sanki Qərbdən qoparırlar. Hazırda Moskva- Ankara münasibətləri inkişaf edir. Yəqin, yaxın gerçəklikdə Türkiyənin diplomatik siyasi kursunda bir sıra başqa dəyişikliklər də özünü göstərəcək.

Hesab edirəm ki, son hadisələr, xüsusilə də artıq Avropada yüz illərlə yaşamasına rəğmən türklərə qarşı aşırı dərəcədə güc tətbiqi, bunun atlara və köpəklərlə müşayiət edilməsi açıq-aşkar demokratiyanın yerdə sürünməyi deməkdir. Yəni ekranlardan gördüyümüz o mənzərələr Avropanın özünün də reputasiyasına böyük zərbə vurdu. Təsadüfi deyil ki, Fransa bu prosesləri dərindən analiz edərək əvvəlki dövrdə adətən Türkiyənin əleyhinə kəskin mövqelər sərgilədikləri halda Cavuşoğlunun görüşünə yaşıl işıq yandırdılar. Daha sonra Britaniyanın xarici işlər naziri bəyan etdi ki, bu yaxın günlərdə Çavuşoğlu ilə çay masasında əyləşəcək, bu da çözümə daha müsbət təsir edəcək”.

Zahid Orucun fikrincə, yaxın günlərdə Hollandiya, Almaniyadan sonra Danimarka və digər Avropa dövlətlərində Türkiyə əleyhinə siyasi müharibəyə körükləndiyini görəcəyik.

Qeyd: Martın 11-dən Türkiyə ilə Hollandiya arasında siyasi gərginlik yaşanır. Hollandiya hökuməti Türkiyə dövlətinin rəsmilərinə və vətəndaşlarına qarşı diplomatik rəzalətə imza atıb.

Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya Rotterdamdakı Konsulluğa gələcəyini bəyan edib. Ancaq Hollandiyanın rəsmi dairələri türkiyəli nazirin konsulluğa girişinə icazə verməyib. Bununla da beynəlxalq diplomatik qaydaları kobud şəkildə pozublar.

Bundan xəbər tutan Hollandiyada yaşayan türklər nazirə dəstək məqsədilə konsulluğun qarşısına axın ediblər. Onlar \”Türkiyə yalnız deyil”, \”Türkiyəni tək qoymayacağıq” şüarları səsləndiriblər. Əllərində Türkiyə bayrağı olan insanların artmaması üçün konsulluq istiqamətində olan yollar bağlanılıb. Konsulluq ətrafında toplaşan dinc nümayişçilərə isə atlı polislər sərt şəkildə müdaxilə ediblər. Dinc insanlara TOMA maşınları vasitəsilə təzyiqli su vurulub, onlara qarşı köpəklərdən istifadə edilib.

Eyni zamanda, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə eniş icazəsini də ləğv edib. Nəticədə türkiyəli nazirin təyyarəsi Fransaya istiqamət almaq məcburiyyətində qalıb.

İnterpress.az