BP-yə yeni regional prezident təyin olundubackend

BP-yə yeni regional prezident təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BP-dən İnterpress.az-a verilən məlumata görə, bu, Qari Counzdur (Gary Jones).

O, öz yeni vəzifəsinin icrasına bu il aprel ayının 2-dən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək. Qəri hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.

Q.Counz bu vəzifədə BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabr ayından uğurla rəhbərlik edən Qordon Birrelli əvəz edəcək. Qordonun yeni vəzifəsi isə Londonda BP-nin baş ofisində Baş Əməliyyat Rəhbəri olacaq və o, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək.

BP-nin Baş İcraçı Direktoru Bob Dadli: “Qəri qlobal miqyasda təcrübəli bir neftçi və yetkin bir biznes rəhbəridir. BP-nin dünya üzrə quyularını idarə edən bölümünə uzun müddət başçılıq etmiş bir şəxs kimi o, bu yeni vəzifəyə Xəzərdəki əməliyyatlarımızla bağlı öz dərin texniki bilgilərini gətirir. Qəri BP-nin Rumeyla yatağı və Şimal dənizindəki yataqlar kimi bir sıra çox mühüm biznesini idarə etmişdir. BP Azərbaycanda öz 25-illiyini qeyd etdiyi bir vaxtda bizim qəti niyyətimiz bütün maraqlı tərəflərlə daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı biznesimizin uğurunu davam etdirməkdir. BP-nin yeni regional prezidenti kimi Qəri bizim uğurlu tərəfdaşlığımızı BP-nin burada idarə etdiyi bütün layihələrdəki böyük nailiyyətlərin üzərində quraraq davam etdirəcək. Fürsətdən istifadə edərək mən həmçinin Qordona da BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki uğurlarının qazanılmasında rəhbərliyinə və bu işlərdəki qətiyyətinə görə öz təşəkkürümü bildirmək istəyirəm. Qordon regiondakı biznesimizə dörd ildən artıq rəhbərlik etmiş və hökumət, SOCAR və tərəfdaşlarımızla çox yaxşı əlaqələr və əməkdaşlığa əsaslanan çoxsaylı uğurlar və nailiyyətlər əldə etmişdir. Mən Qəriyə və Qordona yeni vəzifələrində uğurlar diləyirəm.”

Q.Counz 30 ildən artıq iş təcrübəsi olan özünü təsdiq etmiş bir biznes rəhbəridir. O, hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir. Q.Counz BP-yə 1981-ci ildə gəlib və indiyədək şirkətin qazma, əməliyyatlar və layihələr üzrə bir çox rəhbər vəzifələrində çalışıb.

BP-də işləməyə başladığı ilk illərdə Q.Counz qazma və quyular üzrə bir sıra mühəndis və texniki vəzifələrdə çalışıb, o cümlədən Meksika Körfəzində dərinsulu əməliyyatlarda, Şimal dənizində, həmçinin Çin, Niderland və Afrikada çoxsaylı qazma əməliyyatlarında fəaliyyət göstərib. Onun çalışdığı əsas rəhbər vəzifələrə BP-nin İraqdakı əməliyyatlarına Rumeyla yatağı üzrə baş icraçı menecer/əməliyyatlar üzrə vitse-prezident kimi başçılıq etmək, Rusiyada Verxneçonskoye yatağı üzrə layihə direktoru/prezident kimi əsas rəhbər vəzifə və BP-nin Şimal dənizindəki bizneslərində bir çox yüksək rəhbər vəzifələr daxildir. Q.Counz Birminqem Universitetinin məzunudur və kimya mühəndisliyi üzrə ixtisas dərəcəsi var. Evlidir, iki oğlu var.

İnterpress.az