Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi münasibətdə olduğu şəxsi bıçaqlamaqda təqsirləndirilən Samirə Sadıqovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
İnterpress.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 17-də Xətai rayonunda baş verib. S.Sadıqova sevgilisi, Bakı şəhər sakini Ramiz Allahverdiyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan R.Allahverdiyevin həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən həmyerlisi S.Sadıqova tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur. (report)
İnterpress.az