İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, bu gün o, 2016-cı ilin aprelində ordumuzun məhv etdiyi hərbçilərin dəfn edildiyi “Yerablur” məzarlığına gəlib. Müdafiə naziri Viqen Sərksiyanın və digər hərbçilərin müşayiəti ilə məzarlığa gələn Sərkisyan özgə torpaqlarında qurban verdiyi Ermənistan vətəndaşlarının məzarı üstünə bir-bir gül qoyub. Bununla bağlı Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ermənistanın sabiq müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun lideri Seyran Ohanyan da deyib ki, bu gün lideri olduğu blok üzvləri “Yerablur” xiyabanındakı aprel döyüşündə həlak olanların məzarlarını ziyarət edəcək.
“Əhval-ruhiyyəmizi korlamaq lazım deyil. Gəlin bizim hərbçilərimizə hörmət edək. Aprel müharibəsindən sonrakı dərslərə gəldikdə, bu sualı Ermənistanın Müdafiə Nazirliyinin rəhbərinə ünvanlayın”-Ohanyan deyib.
Silahdaşı Samvel Babayanın həbsi barədə sualın cavabında Ohanyan “gəlin bu günü sakit ruhda və sarsılmaz inamla keçirək” deyib. Əlavə edib ki, hazırda həbsdə olan Babayanın taleyi ilə bağlı narahatdır.
İnterpress.az