Respublika partiyası səslərin 49,06%-ni toplayaraq ilk yeri tutub. İkinci yerdə \”Tsarukyan” bloku səslərin 27,58 %-ni toplaya bilib. Səslərin 7,69%-ni toplayan \”Yelk” \”Daşnaksutyun” partiyasını (6,61%) qabaqlayıb. Digər partiyalar parlamentə keçid həddini adlaya bilməyib.
İnterpress.az xəbər verir ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini BakiPost.az-a politoloq Elxan Şahinoğlu şərh edib. O bildirib ki, bununla da separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirib: \”2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı. Prezident Serj Sarkisyanı sərt tənqid edən hər iki müxalif bloku parlamentdən kənarda qaldı. Halbuki, müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən \”Çiçəklənən Ermənistan” və \”Daşnaksütun” partiyaları düşdülər.
Bəs bu nəticələri necə dəyərləndirmək lazımdır?
Buna cavab olaraq deyə bilərəm ki, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq.
Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sarkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirsin. Əks halda indiki klan \”seçki yoluyla” hakimiyyətdən gedən deyil”.
Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəliləyişin olmayacağının işarəsidir: \”İşğal davam edəcək və Sarkisyan əvvəlki tək status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir”.
İnterpress.az