Ermənistandakı saxta parlament seçkiləri ilə bağlı səslərin sayılması başa çatmaq üzrədir.
İnterpress.az-ın məlumatına görə, Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu saata qədər bülletenlərın 99,8 faizi sayılıb ki, bu da 2009 seçki məntəqəsindən 2005-nin nəticələrinin yekunlaşması deməkdir.
MSK sədri Tiqran Mukuçyanın sözlərinə görə, seçicilərin 768.945 nəfəri (49,15 faiz) hakim Respublikaçılar Partiyasına səs verib. Eyni zamanda “Tsarukyun” bloku (27,37 faiz), “Çıxış” bloku (7,78 faiz) və Daşnaksütyun partiyası (6,58 faiz) parlamentə buraxılıb.
Total saxtakarlıqlar, kütləvi qanun pozuntuları ilə müşayiət olunan seçkilər nəticəsində Serj Sərkisyan üçün arzuolunmaz sayılan seçki blokları və onların liderləri Levon Ter-Petrosyan (“Konqres”-“EXP”) və Seyran Ohanyan (“Ohanyan-Raffi-Oskanyan”) mandat qazanmaq şansından məhrum ediliblər. MSK bu qüvvələrin adının qarışısına müvafiq olaraq 1,65 və 2,07 faiz səs “yazıb”. Sonrakı yerləri isə “Azad demokratlar” (0,94 faiz) və Ermənistan Kommunist (0,75 faiz) partiyaları bölüşdürür.
Beləliklə, 4 siyasi blok, 5 partiyanın qatıldığı parlament seçkilərindən yalnız 2 blok və iki partiya “qalib” çıxarıldı. Qərbyönümlü və Qarabağda sülhün tərəfdarı olan qüvvələrin kənarda qalmasını şərh edən bəzi müşahidəçilər seçkiləri Rusiyanın aktivinə yazırlar. Yeri gəlmişkən, “İrs” Partiyasının sədri (“Ohanyan-Raffi-Oskanyan” bloku) Raffi Ovanisyan seçkilərdən az öncə Amerika səfərindən qayıtmışdı və Rusiyaya qarşı çıxışları ilə populyar idi. Keçmiş xarici işlər naziri Vardan Oskanyan da Qərbmeyilli siyasətçilərdən sayılırdı. Onlar kimi, Qarbağada sülhün tərəfdarı olan Levon Ter-Petrosyan da qapı arxasında saxlanıldı. Eks-prezidentin lideri olduğu bloka cəmi 25.863 səs yazıblar. Ancaq Ter-Petrosyan nəticələri əvvəlcədən bilirmiş. O, səsvermə zamanı şansı barədə sualın cavabında “mən bura çox gəlmişəm” demişdi.
Hələlik qanun pozuntuları ilə bağlı beynəlxalq müşahidəçilərin yekun rəyi açıqlanmayıb.
İnterpress.az