Dünən Rusiyanın Sankt-Peterburq şəhərindəki metroda baş verən terror aktı 10-dan çox insanın ölümü, 50-ə qədər insanın yaralanması ilə nəticələnib.
Maraqlıdır, Sankt-Peterburq terrorundan Azərbaycanın almalı olduğu bir dərs varmı? Məlum olaydan sonra ölkəmizdə də təhlükəsizlik tədbirləri gücləndirilməlidirmi?
İnterpress.az xəbər verir ki, Moderator.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzər ekspert İlham İsmayıl məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Rusiya təhlükəsizliyin qorunmasında təcrübəsi olan dövlətlərdən biridir. Terror aktlarının baş verdiyi dövlətlərin əksəriyyəti böyük dövlətlərdir. Əgər terror qruplaşması hər hansı terror aktı həyata keçirmək məqsədi qarşısına qoyanda, adətən bunu həyata keçirə bilir. Çünki metro o qədər qələbəlik yerdir ki, bu yerdə hər bir insanı didik-didik yoxlamaq mümkün deyil. Odur ki, metrodakı yoxlamalar daha çox fiziki xarakter daşıyır. Daha önəmli olan əməliyyat məlumatı əldə etməkdir. Yəni terror təşkilatları içərisində inormasiya mənbəyinin olmasıdır. Son illər Azərbaycanda terror aktlarının olmaması göstərir ki, Azərbaycan xüsusi xidmət orqanlarının bu cür informasiyaların əldə edilməsində uğurları var. Lakin bunu da vurğulamaq lazımdır ki, terror üçün xüsusi bir cəhd olunsa, Azərbaycan beynəlxalq terror təşkilatları tərəfindən hədəf kimi götürülsə, ölkəmizdə təhlükəsizliklə bağlı nə qədər tədbir görülsə də, bunu həyata keçirə bilərlər. Düzdür, bunun terrorçular üçün də çətinlikləri var. Bu çətinliklərdən birincisi partlayıcı maddənin ələ keçirilməsi, hazırlanmasıdır. Bunu sərhəddən keçirmək də kifayət qədər çətindir. Lakin heç nə sığortalanmadığı kimi, bu da mümkündür. Hər halda, Sankt-Peterburq metrosundakı terror aktının özü bizim də bizim üçün bir siqnaldır. Təhlükəsizlik tədbirlərini artırmaq lazımdır. Həm fiziki yoxlamalar artırılmalı, hansı ki, bu iş polis əməkdaşlarının, mühafizənin üzərinə düşür. Həm də DTX öz işinin öhdəsindən nomal şəkildə gələn qurum ki, bu istiqamətdəki səylərini davam etdirməlidir. Yəni öncədən informasiya əldə etməklə terrorun qarşısını almağa nail olmalıdır”.
İnterpress.az