İnterpress.az BakiPost.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə siyasi sığınacaq almaq üçün Almaniyaya üz tutmuş şəxslərdən birinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğunu əks etdirən sənədin fotosu paylaşılıb. Qeyd olunub ki, partiya bileti saxta şəkildə hazırlanıb. Almaniyaya köçmüş şəxs sənədin Ramin Hacılı adlı şəxs tərəfindən 3000 manata hazırlandığını iddia edib.
Sosial şəbəkə istifadəçiləri sözügedən şəxsin Dalğa Gənclər Hərəkatının keçmiş rəhbəri, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı olduğunu və onun adının saxta sənəd düzəltmə işlərində çox hallandığını qeyd ediblər. İddialara görə, R. Hacılı xaricdən sığınacaq almaq istəyən şəxslərə saxta partiya biletləri, saxta məhkəmə qərarları, polis tərəfindən saxlanma ilə bağlı protokollar satır. Həmin şəxslər də bu saxta sənədlərlə digər ölkələrdən siyasi sığınacaqlar ala bilirlər.
BakiPost.az məsələ ilə bağlı Ramin Hacılının mövqeyini öyrənib. Adı dələduzluqda hallanan gənc deyilənlərin onu şərləmək məqsədi daşıdığını bildirib: \”Bir neçə ay əvvəl şəkil paylaşıb yazmışdılar ki, \”bu vəsiqəni Razi Nurullayev verib və saxtadır”. İndi də eyni sənədi paylaşıb yazıblar ki, Ramin Hacılı edib. Bir az əvvəl də deyirdilər Müsavat Partiyasının işidir və s. Adlarını çəkmək istəmədiyim daha kimləri ittiham ediblər.
Birdən-birə mitinq etdilər. Siyasi mühacirətə getmək istəyənlərə çəkiliş üçün şərait yarandı. Onlara elə gəlir ki, özlərindən başqa heç kim onların nə işlə məşğul olduqlarını bilmir. Amma ətrafda hər kəs bilir. Ən çox da hakimiyyət bilir. Dövlət mitinqə xərclənən pulların haradan gəldiyini ifşa etməyə çalışır.
Cəbhəçilərin də əlində bir \”saxta” dedikləri sənəd var. Lazım olanda onu dövriyyəyə buraxıb adsız şahidlərin dilindən \”filankəs dedi ki, bu saxta sənədi mənə filankəs verib” yazırlar. Bunanla da gələcəkdə aidiyyəti qurumlar AXCP rəhbərliyinin sənədlər satmasıyla bağlı faxtlar ortaya qoyanda bunların saxta şəkildə hazırlanması ilə bağlı indidən fikir formalaşdırmaqdı”.
R.Hacılı hazırda turizm sahəsində çalışdığını və insanlara viza almaqda yardımçı olduğunu deyib: \”Neçə vaxtdır xaricdə təhsil və səyahət, qısaca, turizm sahəsində çalışıram. Yüzlərlə travel kimi. Avropaya gedənlər arasında sənəd alıb sığınacağa üz tutanlar olur. Danışanda sənədi kimlərdən və hansı qiymətə aldıqları bilinir. Bu pullar hesabına hansı partiya və təşkilatlar yaşayır – ölkədə çox adama bəllidir”.
Saxta sənəd düzəltməkdə ittiham olunan R. Hacılı siyasi partiyaların özlərinin sığınacaq almaq istəyənlərə sənədlər satdıqlarını və bu sahədə biznes qurduqlarını da iddia edib: \”Açıq şəkildə, kişi kimi deyin ki, bəli, sənəd veririk, insanlar mühacirətə gedir. Siz ki \”hamıdan yaxşı” müxalifətçisiz. Hanı sizin ədalət hissiniz? Ədaləti elə yalnız hakimiyyətdən tələb etməklə iş bitmir.
Məhkəməyə müraciət etsəm deyəcəksiz ki \”hakimiyyətin adamıdır, bizi tutdurur”.
Sizcə, necə davranmalıyam ki, siyasi mozaxist ritorikanız olmasın?
Sizin bazarınıza girməmişəm, qorxmayın, cənablar. İnsanlara viza almağa kömək etmişəm. Mən özümü tanıyandan adamlara kömək edirəm. Kimsə sizə deyib viza almağıma Ramin Hacılı kömək edib və qərara gəlmisiz ki, yəqin sənədlərin də düzəldib. Ağlınıza gələn bu fikirlə yanaşı – niyə Ramin vətənində xoşbəxtdi, tutulmur, döyülmür fikiri də əlavə olunub və böhtanı var gücünüzlə atmısız.
Ortada fakt yox, söz – böhtan var.
Cəmi bir neçə gün gözləmək lazımdı. İfşa necə olur görəcəyik hamımız…”
İnterpress.az