Azərbaycanda Uşaq Diplomatiyası Beynəlxalq Mərkəzi yaradıldıbackend

Azərbaycanda Uşaq Diplomatiyası Beynəlxalq Mərkəzi yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, layihə Bakı Avropa Liseyi tərəfindən Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə təsis edilib. “Sərhədsiz Diplomatiya” (WWD) layihəsinin əsas məqsədi multikultural təfəkkürə, 21-ci əsr biliklərinə malik və gələcəkdə qlobal sosial proseslərə müsbət təsir göstərə biləcək yeni nəsilin qabaqcıl nümayəndələrinin beynəlxalq birliyinin yaradılmasıdır. Uşaq Diplomatiyası Beynəlxalq Mərkəzinin yaradılması yeni, açıq, humanist, pozitiv, tənqidi və yaradıcı idraka malik, böhran vəziyyətləri idarə edə bilən insan tərbiyə etməyə imkan verəcək.

Mərkəzin məqsədləri BMT-nin dayanıqlı inkişaf istiqamətində 2015-2030-cu illər üçün məqsədlərinə uyğundur. BMT-nin bu proqramına Azərbaycan daxil olmaqla dünyanın bütün ölkələri qoşulub. Digər məqsədlərlə yanaşı ölkəmiz daim dəyişən dünya şəraitində təhsilə və gələcək nəsillərin inkişafına yeni yanaşmaları tətbiq etmək öhdəliyi götürüb.

Uşaq Diplomatiyası Beynəlxalq Mərkəzinin ilk addımı Azərbaycandan və müxtəlif ölkələrdən olan təhsil müəssilələrinin iştirakı ilə “Uşaqlar – daha yaxşı gələcək naminə” meqa layihəsinin həyata keçirilməsi olacaq. Layihənin şüarı: “Gələcək əlimizdədir: onu daha yaxşı edək!”

Layihənin məqsədi Azərbaycandan və digər ölkələrdən olan uşaqların gələcək nəsillərin həyatını yaxşılaşdırmağa yönəlmiş ideyalar bankının yaradılmasıdır. Layihə çərçivəsində uşaqlar aşağıdakı işləri həyata keçirəcəklər:

Digər ölkələrdən olan yaşıdları ilə əlaqələrin qurulması; Müxtəlif informasiya mübadiləsi vesitələriylə tərəfdaşı ilə kommunikasiya yaradılması, onun mədəniyyətinin və həyat tərzinin öyrənilməsi; Azərbaycanın tarixi, mədəniyyəti, ənənələrini tanıtdırmaq və digər mədəniyyətlərlə paralellər aparmaq; Uşaqların artıq həll edə biləcəyi problemlərin müəyyənləşdirilməsi; Azərbaycandan və digər ölkələrdən olan yaşıdları ilə bu problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparmaq; Real və virtual konfranslarda, forumlarda rəy və ideyaları paylaşmaq; Bu ideyaları əks etdirən məhsullar (rəsm, esse və ya digər ədəbi əsər, mahnı, çarx, təqdimat, elmi araşdırma və s.) hazırlamaq.

Layihədə Azərbaycandan və digər ölkələrdən olan 6-11 yaşlı şagirdlər iştirak edəcək. İlk mərhələdə layihə 2017-ci ilin noyabrından 2018-ci ilin mayına qədər həyata keçiriləcək.

Uşaq Diplomatiyası Beynəlxalq Mərkəzinin təsis toplantısında bu layihəyə qoşulmağa qərar vermiş Azərbaycan məktəblərinin (6№-məktəb-lisey, Elitar gimnaziya, 132-134№-li təhsil kompleksi, 23№-li məktəb, 160№-li klassik gimnaziya, 189-190№-li məktəb, Zəkalar liseyi, 5№-li məktəb) nümayəndələri iştirak edib. Onlar öz bilikləri, bacarıqları və dəyərləri ilə yeni tələblərə uyğun gələn nəsil formalaşdırmağa imkan verən layihənin konsepsiyasını dəstəkləyiblər. Ümumbəşəri dəyərlərin ortaqlığını qavramaq gənc diplomatlara daha yaxşı gələcəyin formalaşdırılması istiqamətində öz rollarını daha yaxşı anlamağa imkan verəcək.

İnterpress.az