Ötən gecə Türkiyənin Azərbaycanda da maraqla izlənilən “Savaşçı” serialının 22-ci bölümündə Azərbaycanla bağlı səhnələrin yer alması böyük müzakirələrə yol açıb. Səhnədə Azərbaycanın neft layihəsində çalışan 6 mühəndisin qaçırılmasından bəhs olunur. Çıxılmaz durumda qalan Azərbaycanın Türkiyədəki səfiri qardaş ölkənin xüsusi təyinatlılarından dəstək istəyir. Və qarşı tərəf dərhal səfirə müsbət cavab verərək “bordo bereliler”i hadisə yerinə göndərir. Hərbçilər əməliyyata qollarında Azərbaycan bayrağı ilə gedirlər. Əslində bu bir ilk də deyil. Türkiyəli rejissorlar müxtəlif vaxtlarda Azərbaycan-Türkiyə birliyinə yönəlik bu cür addımlar atıblar.
İnterpress.az xəbər verir ki, görüntülərə münasibət bildirən Milli Məclisin deputatı, millət vəkili Fazil Mustafa AzNews.az-a açıqlamasında qeyd edib ki, bu səhnələr türklərin Azərbaycana olan xoş duyğularının göstəricisidir:
\”Mən bu səhnələri görüb, çox sevindim. Bu məsələdə biz də qarşılıq verməyə çalışmalıyıq ki, qardaşlıq telləri daha da möhkəmlənsin. Sevinmək, fəxr duymaq lazımdır ki, Türkiyədə bizimlə eyni duyğunu paylaşan bir cəmiyyət var, onun elitası var. Bütün hallarda bu, bir siyasi mesajdır və Türkiyənin Azərbaycanla həmrəy olmasının bir nümunəsidir. Bizim Türkiyə ilə bir çox sahələrdə – hərbi, siyasi, iqtisadi əlaqələrimiz var. Amma isti münasibətlərin filmə daşınması cəmiyyətin alt qatlarında bu duyğuları möhkəmlətmək baxımından olduqca faydalı bir addımdır\”.
\”Vətənpərvərliyin Təbliğinə Dəstək\” İctimai Birliyinin sədri, tanınmış hərbi diktor Şəmistan Əlizamanlı da geniş tamaşaçı auditoriyası olan bir serialda bu cür səhnələrə yer verilməsini təqdirəlayiq hal kimi qiymətləndirir:
\”Boş yerə deyilmir 1 millət, 2 dövlət. Türkiyə ilə dərdimiz, kədərimiz, sevincimiz, gələcək hədəflərimiz birdir. Çox gözəl qarşıladım bu səhnələri. Böyüməkdə olan nəsil belə şeylərdən nümunə götürür. Qardaş köməyi 2 dövlət arasında hər zaman qarşılıqlı olub. Türkiyə-Azərbaycan deyəndə ağla ilk gələn qardaş xalq olur. Filmlərdə belə səhnələrin yayımlanması xüsusi ilə əhəmiyyətlidir. Milyonlar izləyir, film tarixə qovuşur, birliyimizin daha da möhkəmlənməsinə mesajlar verilir\”.
Azərbaycanla bağlı səhnələrə münasibət bildirən Qarabağ müharibəsi veteranı, rejissor, jurnalist İlham Tumasın fikrincə isə film sahəsində belə addımların atılması zəruridir:
\”Dizilərdən birində Mübariz İbrahimovla bağlı da maraqlı bir epizod salınmışdı. Bunlar mütləq lazımdır. Çünki Türkiyə böyük dövlətdir və bu baxımdan nə qədər qardaş ölkə olsa da, Qarabağ savaşı ilə bağlı belə məqamların Türkiyə seriallarında yer alması Azərbaycan üçün əlavə bir Qarabağ tanıtımıdır. Əslində, etiraf olunmalıdır ki, bu gün xarici siyasətdə olan Türkirə-Azərbaycan birliyi təəssüf ki, kinematoqrafiyada, sənətdə, ədəbiyyatda yoxdur. Ona görə də, mütləq bu sahələrdə də işbirliyi güclənməlidir, bir-birinin yanında olmaq məsələsinə ciddi yanaşılmalıdır.\”
Hərbi jurnalist, teleaparıcı İlqar Mikayıloğlu isə türklərin belə həssas jestinə cavab verməyin mütləq olduğunu düşünür:
\”Hesab edirəm ki, onların qardaşlıq jestinə cavab verməliyik. Təəssüf ki, bizdə bu mövzularda seriallar yoxdur. Türklər bizi özlərinə nə qədər yaxın bilir ki, filmdə olsa belə, hərbçilər öz bayraqları ilə yanaşı bizim bayrağı da daşıyırlar. Əslində bu, daha çox siyasi mesajdir. Bu əsl Turan ideologiyasıdır. Mən çox təəssüf edirəm ki, bizim seriallar başdan-ayağa ağlaşma, dava-şava,qırğındır. Amma türklər bunu etməklə həm özlərinin hərbi qüdrətini, vətən sevgilərini nümayiş etdirirlər. Həm də göstərirlər ki, biz tək deyilik, bizim o biri qardaşlarımız da var. Onlar bizim Qarabağ problemimizdən yaxşı xəbərdardırlar. Türkiyəli rejissorlar bu vasitələrlə dünyada türk seriallarına baxanlara bizim problemimizi də çatdırmış olurlar\”.
İnterpress.azhttps://youtube.com/watch?v=HahW09yAvBo