AzEuroNews.com–un məlumatına görə, Şimali Reyn Vestifaliya (NRW) əyalətinə daxil olan Altena şəhərinin bələdiyyə sədri Andreas Hollstein nahar üçün bir dönərçiyə gedib. Nahar edərkən yan masada əyləşənlərdən biri cibindən bıçağı çıxararaq A.Hollsteini boğazından vurub.
Ətrafdakıların köməyi ilə bələdiyyə sədri tez xəstəxanaya çatdırılıb. A.Hollsteini vuran şəxs kafedə bir başqa müştərini də yaralayıb.
Polisin restorana gəlməsi ilə bıçaqlı şəxs tutularaq idarəyə aparılıb. O, ilkin sorğusu zamanı bildirib ki, bələdiyyə sədrini yürütdüyü qaçqın siyasətinə görə vurub. Tutulan şəxsin içkili olduğu da müəyyən edilib.
Altena şəhər xəstəxanasından bildirilib ki, bələdiyyə sədrinin vəziyyəti yaxşıdır. Ona ilkin tibbi müdaxilə edilib. Bir-iki gündən sonra xəstəxanadan evə buraxılacaq.
Məlumat üçün bildirək ki, Şimali Reyn Vestifaliya (NRW) əyalətinə daxil olan Altena ən çox qaçqın və miqrant qəbul edən şəhərlərdən sayılır. Belə ki, bələdiyyə sədrinin göstərişi ilə normadan da artıq qaçqın və miqrant qəbul edilib yerləşdirilən şəhərdə 10-dan çox böyük kamp fəaliyyət göstərir.
Bələdiyyə sədri A.Hollstein bu siyasətinə görə, “Alman Milli İnteqrasiya Nişanı” ilə mükafatlandırılıb.
İnterpress.az