Michael Flynn-in ifadələri ilə bağlı səhvə yol verən jurnalist cəzalandırılıbbackend

Michael Flynn-in ifadələri ilə bağlı səhvə yol verən jurnalist cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, jurnalistin səhvi ABŞ dollarının məzənnəsinə və qiymətli kağızların bazar qiymətinə təsir göstərib.
Ötən gün Donald Trump-ın Milli Təhlükəsizlik üzrə keçmiş müşaviri Michael Flynn, Federal Təhqiqat Bürosuna (FBI) yalan məlumat verməkdə özünü təqsirkar bilərək, xüsusi prokuror Robert Mueller-in 2016-cı ildə ABŞ-da prezident seçkilərinə Rusiyanın mümkün müdaxiləsinə dair apardığı araşdırma çərçivəsində məhkəmə qarşısında durub.
Flynn etiraf edib ki, Donald Trump seçkidə qələbə qazandıqdan sonra, onun keçid komandasının göstərişi ilə rusiyalılarla əlaqə saxlayıb.
Michael Flynn istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Bu xəbəri yayan ABC əməkdaşı Brian Ross əlavə edib ki, Flynn prezident Trump və onun ailə üzvləri, eləcə də Ağ Evin yüksəkrütbəli əməkdaşlarına qarşı ifadə verməyə hazırdır.
Ross-un xəbərindən belə nəticə çıxırdı kı, guya Trump, hələ namizəd olduğu dövrdə, onun seçki kampaniyasında iştirak edən Flynn-dən \”ruslarla əlaqə qurmaq barədə xahiş edibmiş\”. Bu məlumatı jurnalist, öz mənbələrinə istinad edərək, yayıb.
Sonradan ABC telekanalı məlumata düzəliş edib: Ross-un həmsöhbəti dəqiqləşdirib ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılması yollarını aramaq tapşırığı, general Flynn və \”bir neçə aparıcı müşavirə\” Trump seçkidə qələbə qazandıqdan sonra, verilmişdi.
\”Buraxılmış səhvə görə üzr istəyirik və təəssüf hissi keçiririk\”, – teleşirkətin Twitter-də dərc olunmuş bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, müəyyən ediləndən dərhal sonra efirdə və ABC saytında səhv düzəldilmişdi.
Reuters bildirib ki, səhv efirə getdikdən sonra ABŞ birjalarında fond indeksləri 1%-dən çox aşağı düşüb, dollar isə avroya qarşı 0,2% ucuzlaşıb.
Walt Disney şirkətinə məxsus ABC telekanalı səhvə yol vermiş müxbiri 4 həftəyədək işdən kənarlaşdırmaq qərarına gəlib.

İnterpress.az