– İlhan bəy, bir neçə gün öncə Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşünüzü əks etdirən fotoların sosial şəbəkələrdə yayılması birmənalı qarşılanmayıb. Həmin görüşlə bağlı ətraflı məlumat verərdiniz.
– Mənə çox maraqlıdır ki, mənim Arif Hacılı ilə olan fotolarımı mətbuata ötürən adamların bir çoxu hər gün müxalifətçilərlə bir yerdədirlər. Həmin şəxslər Hollandiyadakı Benelüks Azərbaycanlıları Konqresində başda otururlar. Əgər istəsəniz, mən də onların fotolarını sizə göndərə bilərəm. Bununla mən Dünya Azərbaycanlıları Konqresini (DAK) qaralamaq istəmirəm. Demək istəyirəm ki, əgər mənim müxalifətçilərlə görüşüm barədə yazılırsa, o zaman onların da görüşləri ilə bağlı yazmaq lazımdır. Necə olur ki, Müsavat partiyası üzvlərinin Benelüks Azərbaycanlıları Konqresində görüşləri maraqlı olmur, amma mənim görüşüm maraqlı olur? Əslində, mənim Arif Hacılı ilə görüşümə görə heç bir problem ola bilməz. Çünki biz azərbaycanlılar xarici ölkələrdə iqtidarlı, müxalifətli bir yerdə hərəkət etməli, bir-biri ilə mehriban olmalıyıq. Biz xaricdə də bir-birimizi didsək, bəs ermənilərə qarşı kim mübarizə aparacaq?
Digər tərəfdən isə Arif Hacılı ilə görüş təşəbbüsü məndən gəlməyib. Həmin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstək verdiyi Benelüks Azərbaycanlıları Konqresindən müsavatçı Elman Hacıoğlu mənə zəng edib dedi ki, Arif Hacılı Hollandiyaya səfər edəcək və həmin səfər zamanı sizinlə də görüşmək istəyirik. Mən də buna heç bir etiraz etmədim. Amma onunla şərt kəsib dedim ki, Arif Hacılı bizimlə görüşdə Azərbaycan hakimiyyətinin nümayəndələri əleyhinə heç bir sərt fikir söyləməyəcək. Elman Hacıoğlu da bununla razılaşdı. Onu da deyim ki, Elman Hacıoğlu Müsavat partiyasının üzvüdür və bunu heç zaman gizlətmir. Ancaq Benelüks Azərbaycanlıları Konqresininin tədbirlərində də hər zaman iştirak edir. İndi burada nə problem olmalıdır? Arif Hacılı və müavini də bizimlə gəlib görüşdü, bir yerdə oturub söhbət etdik. Yəni, onunla aramızda ziddiyətli məsələ yoxdur. Kimliyindən asılı olmayaraq, sağlam müxalifətçi və iqtidarçılar xarici ölkələrdə əl-ələ verib, ermənilərə qarşı birgə mübarizə aparmalıyıq. Mən də daim buna çalışıram. Yoxsa ki, indiyədək mən Arif Hacılı ilə nə nə görüşmüşəm, nə də danışmışam. Ancaq adını eşitmişdim. Elman Hacıoğluna da dedim ki, müxalifətçi ilə yanaşı da otura bilərəm. Ancaq əmin olun ki, Azərbaycanı erməni quldurlarına satan xain və satqın Əlikrəm Hümbətov, Orduxan Teymurxan kimi şərəfsizlərə əsla qapımı açmaram. Mən ötən dəfə Orduxan Teymurxana da dedim ki, sən xainsən, satqınsan, sənin əsas işin Azərbaycan Prezidentini, dövlətini və xalqını təhqir etməkdir. Elman Hacıoğluna da dedim ki, birdən Arif Hacılı mənimlə görüşdə Azərbaycan Prezidenti, dövləti və hökuməti əleyhinə təhqiramiz çıxışlar etsə, o zaman əmin ol ki, onun əlindən mikrofonu birinci mən alacam. Elman Hacıoğlu da mənimlə razılaşmışdı. Adam Allahla danışar, Arif Hacılı da normal qaydada gəlib bizimlə görüşdü, bir yerdə gedib Xocalı abidəsini ziyarət etdik və sairə. İnanın ki, bu görüşlər zamanı Arif Hacılı və onun adamlarına bir stəkan çay belə vermədik. Bir-iki bardaq su içib getdilər. Arif Hacılıya da dedim ki, xainləri çıxmaq şərtilə sizi burada görməkdən məmnunuq. Özü də başımızın üzərində rəhmətlik Heydər Əliyevin fotosu vardı. Yəni, həmin görüş zamanı biz nə dövlətimizə, nə də Prezidentimizə qarşı bir kəlimə də fikir söyləmədik.
– Siz də Əlikrəm Hümbətovu, Orduxan Teymurxanı xain, satqın adlandırırsınız. Son vaxtlar onların ermənilərlə hansı əməkdaşlıqlarına şahid olmusunuz?
– Səmimi söyləyim ki, Orduxan Teymurxanın indi ermənilərlə əməkdaşlıq etməsinə konkret şahid olmamışam. Amma bir insan ki, öz Prezidentini, hökumətini, bayrağını təhqir edirsə, o adamın şərəfi, namusu yoxdur. Ümumiyyətlə, Orduxan Teymurxan kimi insanlar yalnız Hollandiya, Avropa mediasının qarşısında özlərini göstərmək üçün addımlar atırlar. Mənim üçün bu tip insanlar ermənilərdən daha təhlükəlidir. Bu gün ermənilərlə səmimi və normal dostluq edən azərbaycanlılar var. Ancaq həmin adamlar Orduxan kimi Vətənlərinin, prezidentlərinin əleyhinə danışmırlar. Orduxan Teymurxan belə cəsarətlidirsə, belə vətənpərvərdirsə, gedib bir dəfə də Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirtsin, Azərbaycan şəhidlərinin fotolarını orada qaldırsın, Ermənistan hakimiyyətini tənqid etsin! Niyə bunu etmir? Daha gedib azərbaycan səfirliyi qarşısında özünü biabır etməz. Mən bu barədə Orduxan Teymurxana dəfələrlə xəbərdarlıq etmişəm. Demişəm ki, əgər belə kişi adamsansa, Ermənistan səfirliyi önündə mitinq təyin et və məni də çağır. Əgər gəlməsəm, mən namərdəm.
Bilirsiniz, ümumiyyətlə mən Orduxan Teymurxanın adını çəkməyi özümə yaraşdırmıram. Çünki bizim fəaliyyətimiz, işimiz Azərbaycan dövləti və xalqı üçündür. Bizim Azərbaycana olan sevgimiz sonsuz və təmənnasızdır. Ən böyük arzumuz odur ki, işğal altında olan torpaqlarımız tezliklə azad edilsin.
Mənə Azərbaycan dövləti o medalları yoldan keçdiyimə görə verməyiblər. Mən 30 ildir ki, Azərbaycan dövlətinin suverenliyi və inkişafı uğrunda mübarizə aparan adamlardan biriyəm. Sağ olsun ki, Azərbaycan dövləti, Diasporla İş üzrə Dövlət Komitəsi, Səfirlik bizə hər zaman dəstək olur. Biz də sonaqədər Azərbaycanın haqq səsi uğrunda mübarizəmi davam etdirəcəm.
İnterpress.az