İcra başçısının döydüyü Rahil Əliyev başına gələnləri sosial şəbəkələrdə yayılmış videoyazıda danışır.
Onun sözlərinə görə qarovulçuluq etdiyi tikinti sahəsində üç dəmir konstruksiyanın guya oğurlandığı haqda icra başçısına xəbər çatıb. Əslində isə həmin konstruksiyaları tikintini aparan şirkət özü təmir etdirmək üçün Bakıya, zavoda geri qaytarmışdı.
Rahil Əliyev deyir ki, icra başçısı polisin müşaiyəti ilə gözlənilmədən tikinti ərazisinə gəlib. Bu zaman icra başçısı bərk sərxoş vəziyyətdə olub və hətta ayaq üstə güclə durumuş.
Zərərçəkənin dediyinə görə icra başçısı qəfildən onun sifətinə zərbələr endirməyə başlayıb, burnunu sındırıb. Bu vaxt Rahil Əliyevin qardaşı onu icra başçısının əlindən almağa çalışıb. Amma müvəffəq ola bilməyib. Vaqif Abdullayev tərəfindən döyülən qarovulçu bir litr yarım qan itirib. O deyir ki, hətta işə Bakıdan idman və gənclər naziri qarışıb, icra başçısına telefonla deyib ki, dəmir konstruksiyalar oğurlanmayıb və şirkət tərəfindən təmirə aparılıb. Lakin icra başçısı buna da məhəl qoymayıb.
İcra başçısı qarovulçunu döyəndən bir gün sonra şirkət Bakıdan dəmir konstruksiyaları qaytarıb. Rahil Əliyev qardaşı ilə birlikdə daha sonra polisə aparılıb, orada icra başçısı bu dəfə mobil telefonunu Əliyevin qardaşının başına çırpmaq istəyib. Amma telefon hədəfə dəyməyib və yerə dəyərək parçalanıb.
“Məni döysəydi, söysəydi, bunu bağışlayardım. Amma şəhidimə, Elçin Gəray oğlunu söydüyünə görə onu bağışlamayacam”-Rahil Əliyev deyir. ( Virtualaz.org )
İnterpress.az