Bir müddət öncə universitet 100-dən artıq məktəblinin iştirakı ilə keçirilən LEGO Sumo robototexnika olimpiadası keçirmişdi. Hazırda isə universitetin Texnoparkı tərəfindən Bakı və region məktəbliləri üçün ödənişsiz robototexnika təlimləri təşkil edilir.
Belə ki, Texnoparkın mütəxəssisləri və tələbələrindən ibarət qrup region məktəblərinə gedərək orta məktəb şagirdlərinə təlimlər keçir, məktəblilərə robotların işləmə mexanizmləri izah edilir, onların yığılması və proqramlaşdırılması praktik olaraq öyrədilir. Artıq Gəncə, Şəmkir, mingəçevir və Ağsu məktəbliləri üçün belə təlimlər təşkil edilib. Bakı məktəbliləri üçün də universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində təlimlər davam edir.
Eyni zamanda məktəblilər universitetin Texnoparkında tələbələrlə birgə müxtəlif layihələr üzərində işləyirlər. Artıq belə layihələr içərisində beynəlxalq uğur qazananı da var. Belə ki, Texnoparkın Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən üzvlərindən ikisi məktəbli olan, tələbəmiz Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi Vooby startap layihəsi İstanbul şəhərində keçirilən “İcatmakinesi” müsabiqəsində final mərhələsinə keçib. Qeyd edək ki, bu layihə bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülmüşdü.
Başqa bir məktəbli – Günel Hüseynova tərəfindən universitetin mütəxəssislərinin mentorluğu ilə Texnoparkda işlənən \”ParkingApp\” layihəsi isə bugünlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfindən təltif edilib.
Bundan başqa Texnoparkda bir neçə startup layihə üzərində işlər davam edir.
Qeyd edək ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir. (musavat)
İnterpress.az