İnterpress.az xəbər verir ki, adəti üzrə olaraq, Azərbaycan tarixini, elmini, incəsənətini tanıtmaq məqsədiylə “Kaspi” Liseyində keçirilən “Milli yaddaş” layihəsinin növbəti mövzusu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Azərbaycanın görkəmli yazıçısı, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunub.
Belə ki, şairin müəllifi olduğu “Akademikin son əsəri” adlı romanının “Kaspi – Ağ şəhər” Liseyində təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi elə səbəbkarın əsərindən qısa bir səhnəciklə açıq elan edilib. Ardınca şagirdlər üçün, S.Rüstəmxanlının həyat və yaradıcılığından bəhs edən video-təqdimat nümayiş olunub.
Tədbirdə şairə Sona Vəliyeva çıxış edib. O, S.Rüstəmxanlının ədəbi yaradıcılığından söz açıb.
Daha sonra “Kaspi – Ağ şəhər” Liseyinin şagirdlərinin ifasında ədibin “Vətən”, “Bu millət ölməyi bacarır hələ”, “Qopsun millətdən”, “İnansa, Təbriz deyil” kimi şeirləri də səsləndirilib.
Tədbirin təşəbbüskarı, “Kaspi” təhsil mərkəzinin təsisçisi, filoloq Sona Vəliyeva çıxışı zamanı əsər barəsində dolğun və əhatəli məlumatlar verib. O, “bu əsəri məktəblilər arasında yaymaq və “Kaspi” Liseyində təqdimatını təşkil etmək” vədinə nail olduğu üçün özünü xoşbəxt hiss etdiyini vurğulayıb.
S.Vəliyeva təşkilatçılara və şagirdlərə öz minnətdarlığını bildirib.
Sözügedən romanın müəllifi S.Rüstəmxanlı öz növbəsində çıxış edərək, onun yaradıcılığına belə yüksək qiymət verildiyindən dolayı öz məmnunuluğunu ifadə edib. Yazıçı çıxışında romanda 80-90-cı illərin iştirakçısı və şahidi kimi qələmə aldığı bəzi məqamları şagirdlər üçün aydınlaşdırıb, onlara bir vətəndaş kimi tarixi əsərlərin oxumağın vacibliyini çatdırıb.
Tədbirdə \”Kaspi – Ağ şəhər\” Liseyinin direktoru Asif Əzizov da çıxış edib. O, \”Milli yaddaş\” layihəsinin məqsədindən danışıb və qonaqlara öz təşəkkürlərini bildirib.
Qeyd edək ki, prototipi tarixçi və Azərbaycan şərqşünası Ziya Bünyadov olan \”Akademikin son əsəri\” romanı XX əsrin 80-90-cı illərinin hadisələrindən bəhs edir, o dövrdə Azərbaycan xalqının üzləşdiyi çətinliklərə işıq tutur. Tarixin sınağından üzüağ çıxan xalqın əlbəttə ki, öndə gedən liderlərinin olduğundan söz açılan bu əsərdə Ziya Bünyadov başda olmaqla, sözgüedən liderlər də xatırlanır.
Səid Qərib
İnterpress.az