\”Bu gün Azərbaycan diasporası xaricdə ən güclü təşkilatlardan biridir. Xarici ictimai hərəkatın yaradıcısı ümummili liderimiz Heydər Əliyev olub və onun bu siyasi yolunu müvəffəqiyyətlə Prezidentimiz İlham Əliyev davam etdirir. Ukraynada fəaliyyət göstərdiyimiz alyansı misal gətirə bilərəm. Alyans bu ölkədə yaşayan və iş görən həmvətənlərimizlə tez-tez görüşlər təşkil edir, xüsusən də, Azərbaycanda əhəmiyyətli olan günlərlə və hadisələrlə bağlı tədbirlər keçirir. Alyansın təşəbbüsü ilə Heydər Əliyevin 92-ci ildönümü münasibətilə Kiyevdə onun şəkili ilə banner təşkil olunmuş, Truskavetsdə şəhərin mərkəzi meydanında ümummili liderimizin haqqında dokumental film nümayiş olunmuşdu\”.
Bu sözləri İnterpress.az-a açıqlamasında Azərbaycan-Ukrayna Alyansının sədri Elmar Məmmədov Milli Məclisin deputatı Fazil Mustafanın Azərbaycan diasporlarının fəaliyyətini tənqid etməsinə münasibət bildirərkən deyib.
Alyans sədri bildirib ki, onun fəaliyyəti dəfələrlə mükafatlandırılıb: \”Alyansımızın vacib nailiyyətlərdən biridə Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan Mədəniyyəti İnformasiya Mərkəzinin açılmasıdır. Burada oxuyan həm ukraynalı, həm də azərbaycanlı tələbələr ölkəmiz haqqında məlumatları bilavasitə ala bilərlər. Siyasi xadimlərlə, elm və dini nümayəndələrlə çox saylı görüşlər keçirilir. Və mən fəxrlə qeyd etmək istərdim ki, bu fəaliyyətimiz mükafatlandırıldı. Ukraynanın patriarxı Filaret mənə dərin minnətdarlığını bildirdi və knyaz Vladimirin 2-ci dərəcəli ordenini təqdim etdi. Alyans da öz tərəfindən bir neçə mükafat təsis etmişdir. Məsələn, 2014-cü ildə Ukraynanın keçmiş prezidenti Kuçma ilin adamı adlandırılmışdır. Məşhur yazıçımız Çingiz Abdullayev \”Şərəf\” ordeni ilə təltif olunmuşdur və s. O ki, qaldı suala, məşhur və tanınmış insanların içində bizim həmvətənlərimiz var mı ? Əlbəttə ki var. Politoloq telejurnalist Rəna Nəzərova, Ukraynanın milli deputatı, maliyyə xidmətinin sədri, Avropa Vergi Administrasiyasının sədri, Ukraynanın Cüdo Federasiyasının prezidenti Roman Nəsirov kimi millətimizin təmsilçiləri var. Bütün bunlar kütləvi informasiya vasitəsiləri ilə yayımlanır və mənim sualım hörmətli cənab deputat Fazil Mustafayadır: İndiki yüksək texnologiya və internet dövrü olan vaxtda siz beynəlxalq alyansın fəaliyyəti ilə tanış ola bilməzdiniz? Əlinizdə bir dəlil varmı ki, bu işlərimizi inkar edəsiniz?\”.
Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa mətbuata açıqlamasında Azərbaycan diasporasının fəaliyyətini sərt tənqid edib. Millət vəkilinin \”Hazırda xaricdə bizim kiçik qruplardan təşkil olunmuş həmvətənlərimiz sözün əsl mənasında diaspora adlandırıla bilməz\” fikri birmənalı qarşılanmayıb. Deputatın bu sözləri ictimai təşkilat və diaspor nümayəndələrinin qəzəbinə səbəb olub.
Səid Qərib
İnterpress.az