Cəlilabad rayon Səttarxan küçəsində yaşayan Əkbərova Xuraman Sərraf qızı evinin keçmiş əri tərəfindən əlindən alındığını bildirir. O, bununla bağlı rayon məhkəməsinin ədalətsiz qərar çıxardığından şikayətdir.
Bu barədə İnterpress.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qadın ünvanladığı şikayət məktubunda ədliyyə naziri Fikrət Məmmədovdan kömək istəyib.
Müraciətdə deyilir:
\”Hörmətli cənab nazir!
Sizə bildirmək istəyirəm ki, mən Əkbərova Xuraman Sərraf qızı 13 may 1979-cu ildə Biləsuvar rayonunda anadan olmuşam. 1995-ci il avqustun 31-də Cəlilabad rayon sakini Abışov Faiq Qaçoxan oğlu ilə ailə həyatı qurduq. İki qız övladımız dünyaya gəldi. Ailəmizdə yaranmış problemə görə 2016-cı ilin aprel ayında Cəlilabad rayon məhkəməsinin qərarı ilə boşandıq. Boşanan gündən bu günə kimi məhkəmə tərəfindən iki azyaşlı qızıma təyin olunmuş 160 manat alimenti ödəyə bilməyən keçmiş həyat yoldaşım, qaynım Abışov Habil Qaçoxan oğlu ilə birləşərək özümün bir min əzabla tikdiyim evimi əlimdən almaq istəyirlər.
Bu ilin fevral ayında keçmiş həyat yoldaşım və qaynım Habil Abışov saxta sənədlər hazırlayaraq Sadıqov Yavər Baxış oğlunun adından məni Cəlilabad rayon məhkəməsinə verdilər. Məhkəmədə Yavər Sadıqov iddi etdi ki, mənim ev tikdiyim torpaq sahəsi ona məxsusdur. Evimin bütün sənədlərini ortaya qoyub Yavər Sadıqovun yalanını ifşa etdiyim üçün o, məhkəmədən geri çəkildi. Hakim Qalib Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum oldu ki, Yavər Sadıqov məhkəməyə saxta sənədlər təqdim edib.
Bundan sonra məhkəmə qaynım Abışov Habil Qaçoxan oğlunu prosesə qoşdu. Qaynım da saxta sənədlər hazırlayıb məhkəməyə sübut etmək istədi ki, ev ona məxsusdur və mən iki qızım və onkoloji xəstə olan anamla evdən çıxarılmalıyam. Bu dəfə Habil Abışovun da yalanını ifşa etdim. Məlum oldu ki, bu adamların hamısı rüşvət müqabilində Cəlilabad rayon notariusunda saxta sənədlər hazırlayıblar və məni evdən çıxarmaq üçün əlllərindən gələni edirlər.
Mən boşandıqdan sonra məni rahat buraxmamaq üçün bu adamlar bütün vasitələrə əl atırlar. Artıq məni bunlar intihar həttinə çatdırıblar. 2016-cı ildən bu günə kimi hər günüm bu adamlarla mübahisə aparmaqla keçir. Hakim Qalib Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi uzadılır. Aprelin 16-da məhkəməmiz olub, 19 apreldə məhkəmə qətnamə çıxaracağını desə də, bu günə kimi vaxt uzadılır.
Sizə bildirmək istəyirəm ki, əgər Cəlilabad rayon məhkəməsi bütün sübutlarıma baxmayaraq, ədalətli qərar çıxarmasa, iki azyaşlı qızım və onkoloji xəstə anamla gəlib özümü sizin nazirliyin qarşısında yandıracam. Xahiş edirəm ki, mənim bu saxtakarların əlindən qurtulmağım üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz\”.
İnterpress.az