İnterpress.az bildirir ki, Kim Torra 1962-ci ildə Kataloniyada doğulub. Barselona Universitetini hüquqşünas ixtisası ilə bitirib, uzun illər vəkilliklə məşğul olub. 2017-ci il dekabrın 21-də Karles Puçdemonun başçılıq etdiyi “Birlikdə Kataloniya uğrunda” blokundan deputat seçilib.
Ötən il oktyabrın 1-i Kataloniya vilayətində keçirilmiş qanunsuz referendumda bölgənin müstəqil dövlət elan olunmasına səs verilib. Oktyabrın 27-də Kataloniya parlamenti müstəqillik qətnaməsi qəbul edib. Bundan sonra rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərini mərkəzi orqanlara ötürüb.
Kataloniya hakimiyyətində yer almış bir çox şəxsə üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb. Onların arasında ötən il oktyabrın 30-dan Avropaya sığınan Karles Puçdemon da var. İspaniya Ali Məhkəməsi onun həbsinə order verib.
Dekabrın 21-də keçirilmiş növbədənkənar parlament seçkisində bölgənin müstəqilliyini istəyən qüvvələr qalib gələrək hökumət qurmaq haqqı qazanıb.
Bu ilin martında Karles Puçdemon sığındığı Belçikadan Finlandiyaya gedib, geri qayıdarkən, Danimarkadan Almaniya ərazisinə keçərkən saxlanıb. Aprelin 5-də məhkəmə Karles Puçdemonu 75 min avro girov qarşılığında sərbəst buraxıb. Onun İspaniyaya təhvil verilib-verilməməsi məsələsinə baxılır. (Novator.az)
İnterpress.az