Hər il mayın 19-da qardaş Türkiyə Cümhuriyyətində Atatürkü Anma, Gənclik və İdman Bayramı təntənəli tədbirlərlə qeyd olunur.
İnterpress.az xəbər verir ki, bayramın qeyd olunması Türkiyədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır.
I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilib. 1919-cu il 16 may tarixində Mustafa Kamal paşa 36-cı Osmanlı Padşahı IV Mehmet Vahdəddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burada qurtuluş mücadiləsini başladır. Məhz bu mücadilə ilə Türkiyə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub.
Bayrama Atatürkü Anma Günü isə 1981-ci ildə əlavə olunub və həmin vaxtdan bu günədək hər il rəsmi qaydada Atatürkü anma, Gənclik və İdman bayramı kimi qeyd olunur.
Qeyd edək ki, bu gün, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğum günüdür. Atatürk 1881-ci il may ayının 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib.
İnterpress.az