“Demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar”.
İnterpress.az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli dərs dediyi ali məktəbin qapısından geri qaytarılıb.
Professor bu barədə özünün “Facebook” hesdabında yazıb:
“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:

– Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.
– Niyə ki?
– Yaşınız 65-dən çoxdur.
Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm.
Horas Makkoyun “Yorulmuş atları güllələyirlər…” romanı yadıma düşdü…”
Qeyd edək ki, BDU-nun yeni rektoru Elçin Babayev təyinatının ilk günlərində özünə müsbət imic formalaşdırmağa çalışsa da, yarıtmaz idarəetmə sayəsində tam fərqli “nəticə”yə nail olub.
Belə ki, rektor təyin edildikdən sonra universitetin yalnız xarici görünüşünə diqqət yetirən Elçin Babayevin zəif idarəçiliyi səbəbindən fakültələrdə müəyyən “reket qruplaşmaları”nın meydana çıxdığı bildirilir.
Bu da öz növbəsində tələbə-müəllim-kafedra müdiri-dekan zəncirində birinci və ikincilərin haqlarının tapdanmasına, digərlərinin isə “Taxt savaşları”na yol açıb. İdarəetmənin effektsiz olduğu müəssisədə hansı boşluqların yarandığı hər kəsə bəllidir.
Son olaraq, ömrünün 55 ili BDU-ya bağlı olan, jurnalitikamızın mogikanları sırasında dayanan professor Nəsir Əhmədlinin universitet ərazisinə buraxılmaması da yeni rektorun ictimai nüfuzu yüksək olan şəxslərə münasibətinin əyani göstəricisidir.
İnterpress.az






