Azərbaycan gələcəyi “görmür”? – “Biz ən yaxşıları itiririk”.backend

Azərbaycan gələcəyi “görmür”? – “Biz ən yaxşıları itiririk”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnformasiya Texnologiyaları bu gün dünyanın müasir və böyük tələbat olan peşələrindən biridir. Populyarlığı o həddədir ki, onu həm də “gələcəyin ixtisası” adlandırırlar. 

Amma məsələ burasındadır ki, hələ bir neçə ilə əvvələ qədər ölkəmizdə ciddi şəkildə İT mütəxəssisi çatışmazlığı mövcud idi. Səbəb isə bu sahədəki tədrisin keyfiyyət səviyyəsinin aşağı olmasıydı. Əslində, indi də vəziyyət o qədər də dəyişməyib. Məhz buna görə gənclər təhsil üçün Türkiyəyə üz tutur, lakin bəzisi bir neçə il sonra geri qayıtsa da, əksəriyyət fəaliyyətini xaricdə davam etdirməyi seçirdi ki, nəticədə mütəxəssis çatışmazlığı problemi həllini tapmırdı.

Hazırda isə Azərbaycanda nəinki İT üzrə peşəkar mütəxəssis yetişdirmək üçün fəaliyyət göstərən özəl akademiyalar mövcuddur, hətta “İnformasiya Texnologiyaları”nın tədrisinə  başlayan universitetlərin sayı da olduqca artıb. Lakin bir qədər araşdırma etsək, görərik ki, bu gün universitetlərimizdə bu ixtisasın tədris metodları hələ də həmin sahəyə hərtərəfli yiyələnmək və tələbatı ödəmək üçün yetərli deyil.

Çünki praktikadan çox nəzəriyyəyə üstünlük verilir, 5-10 tələbə bir kompüterdən istifadə etməli olur, laboratoriyaların düzgün qurulmasına diqqət ayrılmır və s. Lakin Vətən müharibəsi də göstərdi ki, əgər informasiya cəbhəsində daima qalib gəlmək istəyiriksə, savadlı İT üzrə kadrların yetişdirilməsinə biganə yanaşmamalıyıq. Çünki məhz onlar gərginlik zamanı düşmənin dövlət resurslarına hücum edərək məxfi məlumatlarını ələ keçirməkdə həlledici rol oynayır.

Bu sahə üzrə kadr çatışmazlığından şirkətlər, bəzi hallarda dövlətt qurumları əziyyət çəkir. Hətta kadr o qədər azdır ki, bəzən bir mütəxəssis bir neçə işi öhdəsinə götürür, eyni vaxtda 5-10 şirkətlə əməkdaşlıq edir. Bu da sözsüz ki, ortaya qoyulan işin keyfiyyətinə ciddi şəkildə mənfi təsir edir. Ümumilikdə, bu sahədə ciddi kadr probleminin olduğu ortadadır.

Mövzu barədə fikirlərini Yenisabah.az-la bölüşən  İT mütəxəssisi Vahid Qasımov vurğulayıb ki, Azərbaycanla oxşar əhali sayına malik olan ölkələrdə İT mütəxəssislərinin sayı bizdəkindən ən azı 4-5 dəfə çoxdur:

“Ona görə də bizdə hələ də İT sahəsində çox ciddi şəkildə kadr əskikliyi mövcuddur. Lakin vəziyyət 5-6 ilə əvvələ nəzərən dəyişib, müəyyən irəliləyiş var, çünki məhz bu beş-altı ildə Azərbaycanda əvvəl həmin səviyyədə olmayan İT təhsili verməyə başlayan müəssisələr açılıb.

Bunlar arasında “Code Academy”, “Step IT” və başqa bir neçəsinin adını çəkmək mümkündür. Onlar az sayda olsa belə, kifayət qədər yaxşı təhsil verərək yeni mütəxəssislərin bazara çıxmasına səbəb olurlar”.

Həmsöhbətimiz qeyd edib ki, bu gün eyni zamanda gənclər arasında da başqa ixtisaslar üzrə təhsil almış olsalar belə, İT-yə yönəlməyə meyl göstərənlər var:

“Bunun üçün öz üzərində işləyən, həmin təhsil müəssisələrinə gedən insanların sayı hazırda artıb. Bu bir az ümid verir ki, hardasa 8-10 ildən sonra  Azərbaycanda da İT mütəxəssislərinin sayı digər ölkələrdə saya çatacaq.

Amma reallıq odur ki, hazırda biz kadr çatışmazlığı problemi yaşayırıq. Bunu gündəlik həyatda da görmək mümkündür. Məsələn, dövlətin hazırladığı istər pandemiya, istərsə də digər məsələlərlə bağlı elektron hökumət portalındakı proqram və tətbiqlər bir balaca yüklənmə olan zaman işləmir, donur. Təhlükəsizlik və keyfiyyətli mühəndis problemi hər gün qabağımıza çıxır. Bu da məhz ondan irəli gəlir ki, bir tərəfdən kadr çatışmazlığı var, digər tərəfdən də ölkədə olan keyfiyyətli kadrlar layiq olduqları maaşla təmin olunmadıqlarına görə xaricə üz tuturlar. Biz ən yaxşıları itiririk”.

Mütəxəssis universitetlərin İT sahəsindəki fəaliyyətinin heç də ürəkaçan olmadığını da diqqətə çatdırıb:

“Universitetlər arasında çox böyük güzəştlə ancaq dördünün adını sadalaya bilərəm, bu, ADA, UFAZ, BANM və BMU-dur (keçmiş Qafqaz Universiteti). Çünki bunlarda üzə çıxası təhsilə bənzər bir şey var. Yerdə qalanlar, ümumiyyətlə, heç bir mütəxəssis yetişdirmə qüvvəsinə malik deyil. Çünki adamı yetişdirmək üçün müəllim olmalıdır, digər universitetlərdə maaş o səviyyədədir ki, yaxşı mütəxəssis oraya işləməyə getməz, həmin maaşa işləyən adamın mütəxəssis olmasına isə ümid etməyə belə şans yoxdur.

Yəni problemlərdən biri və başlıcası maaşla bağlıdır. İstər müəllim, istər də mütəxəssis olsun, əgər adam layiq olduğu maaşı ala bilmirsə, çox rahat şəkildə xaricdə iş tapıb oraya köçür və ölkə həmin mütəxəssisi itirmiş olur”.

Vahid Qasımov hesab edir ki, bu, ölkə səviyyəsində olan bir problemdir:

“Bizdə hələ bir-iki ildir ki,  Vergilər Nazirliyi  “Maaşları ağardaq” kampaniyası çərçivəsində kölgə iqtisadiyyatından çıxışı elan edib. Yəni müstəqilliyimizin 30-cu ilində biz təzə-təzə kölgə iqtisadiyyatından canımızı qurtarmaq istəyirik.

Ölkədə rəsmi maaşın çox aşağı səviyyədə olması, ümumiyyətlə,  normal maaş səviyyəsinin çox gülməli vəziyyətdə olmasına gətirib çıxarır. Əgər Türkiyədə minimum əməkhaqqı 500 dollar civarındadırsa, bizim minimum əməkhaqqımız 100-200 dollardır.  Nəinki böyük və inkişaf etmiş dövlətlərlə, hətta Qafqaz regionundakı Ermənistan və Gürcüstanla müqayisədə də Azərbaycanın ən aşağı minimum əməkhaqqına sahib olduğunu müşahidə edirik.

Aydın məsələdir ki, minimum əməkhaqqı belə dilənçi  səviyəsində olduğu zaman digər maaşların da çox yuxarı olmasını ümid etmək sadəlövhlükdür. Ona görə də dövlətin iqtisadi siyasəti dəyişməlidir, islahatlara ehtiyac var. Amma əvvəldə də dediyim kimi, nəsə etməyə çalışırlar, iki ildir maaşları ağartmaq istiqamətində addımlar atırlar, amma bu nə vaxt qaydaya düşsə, biz ancaq o vaxt mütəxəssislərin ölkədə qalması və gözlərinin xarici ölkədə olmaması barədə danışacağıq”.

Sayad HƏSƏNLİ

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə  “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi”  istiqaməti üzrə hazırlanmışdır.