Manatın alıcılıq qabiliyyəti kəskin aşağı düşür”.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı mövcud prosesləri dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, hər ölkədə proseslərin öz səbəbləri var:
“Türkiyədə lirənin tarixi minunun səviyyəyə düşməsinin bir neçə səbəbi var. Buna Türkiyənin xarici ticarətdə mənfi saldosu, turizmdən gələn gəlirlərin kəskin azalması və ən əsası Türkiyə prezidenti Ərdoğanın Mərkəzi Bankın müstəqilliyini əlindən alması daxildir. Rusiyada isə rublun ciddi dəyər qazanmasını görürük. Bu gün bir dollar 69 rubla qədər ucuzlaşdı. Bunun iki əsas səbəbi var. Birincisi, dünyada enerji daşıyıcılarının qiyməti kəskin artıb, neft, qaz bahalaşıb. İkincisi isə Rusiya Mərkəzi Bankının ard-ardına faiz artımına getməsi və uçot dərəcəsini artırmasıdır.
Məntiqlə, Azərbaycana Türkiyədən gətirilən məhsullar ucuzlaşmalı, Rusiyadan gətirilənlər isə bahalaşmalıdır. Lakin Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, amma Rusiyadan gələn məhsulların ciddi bahalaşmasını görəcəyik. Bizdə məzənnə siyasi, inzibati məfhum olduğuna, əmrlə məzənnə təyin edildiyinə görə, hələ ki, dəyişməyəcək. Çünki neft bahadır, amma ölkədə ən az devalvasiya qədər təhlükəli olan başqa proses gedir. Manatın alıcılıq qabiliyyəti kəskin aşağı düşür. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi insanların real gəlirlərinin kəskin azalmasına səbəb olur. Bu isə kasıblığı dərinləşdirən əsas faktorlardan biridir”.
Gülşən